Böhranın iqtisadi tərəfi: Regional gərginlik Azərbaycanın büdcəsinə nə qazandırır? – ÖZƏL
16:02 İqtisadiyyat"Real olaraq, regionda baş verən proseslər Azərbaycan iqtisadiyyatına həm mənfi, həm də müsbət təsir göstərir. Mənfi təsir daha çox inflyasiyanın artması ilə özünü göstərir, müsbət təsir isə ixrac gəlirlərinin artması ilə bağlıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçı bildirib ki, ötən il Azərbaycan təxminən 20 milyon ton neft ixrac edib ki, bu da 169 milyon barel deməkdir. Əgər bu il də həmin həcm qorunub saxlanılarsa, bu o deməkdir ki, ixrac edilən təxminən 170 milyon barel neft üzrə hər 10 dollar qiymət artımı ölkə iqtisadiyyatına əlavə 1,7 milyard dollar valyuta daxilolması yaradır. Ümumilikdə regionda baş verən proseslərin Azərbaycan iqtisadiyyatına təsiri genişmiqyaslı və çoxşaxəlidir. Bu təsirləri əsasən iki istiqamətdə qruplaşdırmaq olar. Birinci istiqamət enerji qiymətlərinin dəyişməsi ilə bağlıdır, ikinci istiqamət isə logistika imkanlarının məhdudlaşması, təchizat zəncirində qırılmalar və ölkə daxilində müəyyən risklərin yaranması ilə əlaqədardır.
Ekspertin sözlərinə görə, enerji qiymətlərinin artımı birmənalı şəkildə Azərbaycan iqtisadiyyatı üçün müsbət qiymətləndirilə bilər. Belə ki, ölkədə təxminən 23 milyon ton neft hasilatı mövcuddur ki, bu da barelə çevrildikdə təxminən 169 milyon barel edir. Bu baxımdan, bir barel neftin qiymətində hər 10 dollar artım təxminən 1,7 milyard dollar əlavə gəlir deməkdir. Nəzərə alsaq ki, neft dünya bazarında büdcədə nəzərdə tutulan qiymətdən təxminən 40-50 dollar daha yüksək satılır, bu da ümumilikdə 7-8 milyard dollar həcmində əlavə ixrac gəlirləri deməkdir. Büdcəyə təsir baxımından isə rəsmi hesablamalara görə, neftin qiymətində hər 10 dollar artım dövlət büdcəsinin gəlirlərini təxminən 400 milyon manat artırır. Mövcud qiymət artımı fonunda bu təsirin ümumilikdə 2,1-2,5 milyard manat həcmində müsbət təsir göstərdiyini demək olar.
"Lakin vacib bir məqamı da qeyd etmək lazımdır ki, bu hesablamalar illik kontekstdə aparılır. Yəni bu səviyyədə qiymətlərin il boyu davam edəcəyi ehtimalı yüksək deyil. Daha real ssenari ondan ibarətdir ki, ilin sonuna doğru neftin orta qiyməti təxminən 90 dollar civarında formalaşa bilər. Çünki regionda baş verən münaqişələr formal olaraq bitsə belə, onların yaratdığı problemlər tam aradan qalxmır. İnfrastrukturun dağıdılması, emal müəssisələrinin zədələnməsi, hasilat və təchizat zəncirində qırılmaların qalması riskləri yüksək səviyyədə saxlayır. Bu amillər isə qiymətlərin dalğalanmasına və ümumilikdə iqtisadi mühitə təsir göstərməyə davam edir", - deyə iqtisadçı vurğulayıb.
Səidə Ramazanova