Hörmüz boğazında gərginlik: Dünyanı neft və ticarət böhranı gözləyir? – ÖZƏL

"Hörmüz boğazı ətrafında yaranmış gərginlik və mümkün blokada qərarı qlobal enerji bazarları və beynəlxalq ticarət sistemi üçün ciddi risklər formalaşdırır. Çin Xarici İşlər Nazirliyi tərəfindən bu addımın "təhlükəli və məsuliyyətsiz" kimi qiymətləndirilməsi, əslində, mövcud vəziyyətin nə qədər həssas olduğunu göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov deyib: "Hamımıza məlumdur ki, Hörmüz boğazı dünya üzrə daşınan neftin təxminən 20%-nin keçdiyi kritik enerji arteriyasıdır. Bu marşrutda hər hansı məhdudiyyət və ya blokada qlobal neft təklifinin kəskin azalmasına və qiymətlərin sürətlə artmasına səbəb ola bilər. Bu isə birbaşa olaraq enerji idxalçısı olan ölkələrə, xüsusilə də Çin kimi iri sənaye iqtisadiyyatlarına ciddi təsir göstərir. Çin iqtisadiyyatı üçün əsas risklər bir sıra istiqamətlərdə özünü göstərir.
İlk öncə,enerji idxalının bahalaşması nəticəsində istehsal xərclərinin artmasında.İkincisi sənaye sektorunda maya dəyərinin yüksəlməsi və ixrac rəqabətliliyinin zəifləməsində və 3-cü isə inflyasiya təzyiqlərinin güclənməsində...

Ekspert bildirib ki, eyni zamanda, neft qiymətlərində kəskin artım qlobal bazarda zəncirvari təsir yaradır. Nəqliyyat, logistika və istehsal xərclərinin yüksəlməsi dünya üzrə inflyasiyanı sürətləndirə və iqtisadi artımı zəiflədə bilər. Bu baxımdan, blokada yalnız regional deyil, qlobal iqtisadi sabitlik üçün də ciddi təhdid hesab olunur.
Digər mühüm məsələ isə ticarət müstəvisində yaranan gərginlikdir. Donald Tramp tərəfindən səsləndirilən tarif təhdidləri və buna cavab olaraq Çinin "qəti qarşı tədbirlər" mesajı göstərir ki, proses təkcə enerji böhranı ilə məhdudlaşmır, paralel olaraq ticarət qarşıdurması riski də artır. Tarix göstərir ki, ABŞ və Çin arasında tarif müharibələri mərhələli şəkildə genişlənərək qlobal ticarət sisteminə ciddi zərbə vurur. Əgər tərəflər qarşılıqlı tarifləri artırmaq yolunu seçərsə, bu, yeni bir qlobal ticarət müharibəsinin başlanğıc mərhələsi kimi qiymətləndirilə bilər. Bu ssenari qlobal təchizat zəncirlərinin pozulması,dünya ticarət həcminin azalması və investisiya mühitində qeyri-müəyyənliyin artması üzrə nəticələrə gətirib çıxara bilər.

"Bununla yanaşı, CENTCOM tərəfindən elan edilən blokada planı geosiyasi riskləri daha da dərinləşdirir və artıq enerji təhlükəsizliyi ilə ticarət siyasətinin kəsişdiyi yeni bir mərhələ formalaşdırır. Qısaca desəm,Hörmüz boğazında mümkün blokada qısa müddətdə neft qiymətlərini kəskin artıracaq. Çin başda olmaqla enerji idxalçısı ölkələrin iqtisadiyyatına təzyiq yaradacaq və Qlobal inflyasiya risklərini gücləndirəcək.Eyni zamanda, Çin və ABŞ arasında qarşılıqlı iqtisadi tədbirlərin sərtləşməsi yeni bir ticarət müharibəsinin başlanğıcını istisna etmir. Mövcud vəziyyət göstərir ki, qlobal iqtisadiyyat eyni anda həm enerji şoku, həm də ticarət qarşıdurması ilə üzləşmək riski altındadır", - deyə A. İbrahimov vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31