Azərbaycanda yeni qazanc növü - "Evimin damını satıram"

"Bazar qiymətlərindən ucuz evimin damını satıram". Eyni bu başlıqla sosial şəbəkələrdə birmərtəbəli həyət evinin damını satanlar ortaya çıxıb. Onlar tikdikləri evin üstünü, yəni damını bazar qiymətlərindən daha ucuz məbləğdə təklif edirlər. Həyət evi olmasına baxmayaraq, eyni həyətdə, alt-üst mərtəbə olmaqla iki ailə yaşaya biləcək.

Maraqlısı odur ki, bu damı alan şəxslər də sonra öz damını satmaq istəsə, evin mərtəbəsi arta-arta gedəcək. Bəs görəsən, ümumiyyətlə Azərbaycan qanunvericiliyində belə hallara icazə verilirmi? Bununla bağlı təcrübə varmı?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, həyət evinin damının satılması qanunsuzdur:

Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin - SƏDRİ  SEÇİLİB - FED.az

"Daşınmaz amlakın alqı-satqısı üçün mütləq dövlət əmlak reyestrindən verilmiş mülkiyyət hüququnu təsbit edən sənəd, yəni çıxarış olmalıdır. Damın, yaxud daşınmaz əmlakın hər hansısa bir hissəsinin satılması qeyri-qanunidir. Təəssüf ki, bu kimi hallar var, lakin həm risklidir, həm də əsassız.

Vətəndaşlar belə elanlardan mümkün qədər uzaq durmalıdırlar. Qiymətin münasibliyi onları aldatmamalıdır. Düşünün, heç bir təminat yoxdur ki, damın üzərində tikilən konstruksiya dayanıqlı və tikinti normativlərinə uyğun təşkil ediləcək, yaxud həmin tikintini hüquqi cəhətdən əsaslandırıb, müvafiq sənədlərə əlavə etmək olacaq.

Qanunda göstərilir ki, sənədləri qaydasında olan daşınmaz əmlak hissə-hissə deyil, bütövlükdə satıla bilər. Ümumiyyətlə, sənədləri olmayan əmlak alqı-satqı predmeti ola bilməz. Eyni zamanda dam üçün də xüsusi sənəd verilə bilməz. Sənədsiz bir yeri təkcə sözlərə inanaraq, almaq həm təhlükəli, həm də qanunsuz addımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31