“Dünya bazarındakı bahalaşma müvəqqətidir, qlobal resessiya gözlənilmir” – ÖZƏL
14:55 İqtisadiyyat" Donald Tramp tərəfindən belə bir açıqlama verilib ki, hərbi əməliyyatlar iki-üç həftə ərzində yekunlaşa bilər. Eyni zamanda o qeyd etdi ki, Amerika Birləşmiş Ştatlarının Hörmüz boğazı vasitəsilə daşınan neftə ehtiyacı yoxdur. Yəni bu marşrutdan neft və digər resursları əldə edən ölkələr özləri bu barədə düşünməlidirlər. Burada əsasən Asiya ölkələri nəzərdə tutulur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. Ekspert bildirib ki, Hörmüz boğazı vasitəsilə yüklərin daşınması Asiya regionunun enerji təchizatında mühüm rol oynayır. Trampın bu açıqlamasından sonra, demək olar ki, 400-ə yaxın tankerin boğazdan keçidi ilə bağlı İran ilə Asiya ölkələri arasında müəyyən danışıqlar aparılması istiqamətində cəhdlər müşahidə olundu. Bu açıqlamadan sonra həm də boğaz ətrafında baş verən hərbi gərginliyin yaxın zamanlarda yumşalacağı ilə bağlı ehtimallar artdı.
İqtisadçının sözlərinə görə, dünya bazarlarında ciddi və uzunmüddətli gərginliyin yaranacağı ehtimalı yüksək deyil. Mövcud bahalaşma daha çox müvəqqəti xarakter daşıyır və əsasən hərbi əməliyyatlarla bağlıdır. Bu səbəbdən uzunmüddətli bahalaşmanın dünya iqtisadiyyatında resessiyaya gətirib çıxarma ehtimalı aşağı qiymətləndirilir. Müəyyən birjalarda dalğalanmaların baş verməsi mümkündür. Lakin bunun qlobal iqtisadiyyata təsirinin çox məhdud olacağı ehtimal edilir. Buna görə də hərbi əməliyyatların davam etməsi və gərginliyin qalması halında belə, təsirin genişmiqyaslı olmayacağı gözlənilir.
"Əlbəttə, dünyanın əsas neft ixracatçılarından biri olan İranın bazarlara müəyyən təsiri mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, İran nefti qlobal bazarda həlledici paya malik deyil. Körfəz ölkələrində müşahidə olunan narahatlıqlar isə daha çox psixoloji xarakter daşıyır və bu cür gərginliklərin bazara təsiri təxminən 0,2-0,5 faiz aralığında qiymətləndirilir. Bundan əlavə, bazarda alternativ neft daşınma marşrutlarının mövcudluğu və təchizatın davamlılığı ciddi problemlərin yaranmasının qarşısını alır. Xüsusilə də Rusiya neft tankerlərinə tətbiq edilən bəzi sanksiyaların yumşaldılması bazarda müəyyən sabitliyin formalaşmasına səbəb olub", - deyə ekspert əlavə edib.
R. Abbasbəyli vurğulayıb ki, hazırkı bahalaşma əsasən psixoloji faktorlar və hərbi qarşıdurmalar fonunda yaranıb və uzunmüddətli xarakter daşımır. Bu səbəbdən dünya iqtisadiyyatında uzun perspektivdə resessiya və ya ciddi gərginlik ehtimalları aşağı olaraq qiymətləndirilir.
Səidə Ramazanova