Rövnəq Abdullayev: ARDNŞ xaricdə təhsil alan gənclərin müvafiq işlərə cəlb edilməsində maraqlıdır
13 İyul 2012 18:24 İqtisadiyyatBu gün "Neftqazelmitədqiqatlayihə" İnstitutunda ARDNŞ-in Təqaüd Proqramı çərçivəsində xaricdə və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr, həmin proqram çərçivəsində şirkətin idarə və müəssisələrində işə qəbul olunan gənclərlə görüş keçirilib.
"Azadinform"un məlumatına görə, görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi baxımından sözügedən Təqaüd Proqramının əhəmiyyətini vurğulayıb: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın qəbul olunması ARDNŞ-in də kadr hazırlığı proqramlarının inkişafı üçün əlavə imkanlar yaradıb. Bu tələbatın ödənilməsi məqsədilə 2006-cı ildən ARDNŞ-in Təqaüd Proqramına başlanıb". R.Abdullayev bildirib ki, bu vaxtadək bu proqrama 172 gənc cəlb edilib. Proqramın 84 iştirakçısı təhsillərini başa vuraraq ölkəmizə qayıdıb və hazırda ARDNŞ-in müxtəlif strukturlarında çalışır. Onun sözlərinə görə, ARDNŞ xaricdə dövlət təqaüdü, özünün və ya başqa təşkilatların təqaüdü hesabına təhsil alaraq, yaxşı qiymətlərlə ali məktəbləri bitirən gənclərin öz strukturlarında müvafiq işlərə cəlb edilməsində maraqlıdır.
Bildirilib ki, Təqaüd Proqramının tərkib hissələrindən birini də Azərbaycanın ali məktəblərində neft-qaz sənayesində tələbat duyulan ixtisaslar üzrə təhsil alan tələbələrə ARDNŞ-in aylıq təqaüdünün verilməsi təşkil edir. 2011-2012-ci tədris ilinin 1-ci semestrinin nəticələri üzrə keçirilən 15-ci Təqaüd müsabiqəsinə 1471 tələbə müraciət edib, müsabiqəni uğurla keçən 183 tələbə ARDNŞ-in təqaüdünə layiq görülüb.
R.Abdullayev hazırda şirkətin gördüyü işlər və perspektivlər barədə də gənclərə məlumat verib.