Çin yanacaq qiymətlərinə limit qoyub
16:27 İqtisadiyyatYaxın Şərq münaqişəsinin davam etməsi və neftin kəskin bahalaşması fonunda Çin hökuməti ölkədə yanacaq qiymətlərinə limit qoyub.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Çinin Milli İnkişaf və İslahat Komissiyası (NDRC) gecə saatlarından etibarən benzin və dizel yanacağı üçün qiymət tavanı müəyyənləşdirib. Ölkə ərazisində benzinin pərakəndə satış qiymətinin ən yüksək həddi hər metrik ton üzrə 1160 yuan (təx. 168 ABŞ dolları), dizel üçün isə 1115 yuan (təx. 161 ABŞ dolları) müəyyən edilib.
Qeyd edək ki, Yaxın Şərqdə ABŞ, İsrail və İranın iştirakı ilə silahlı münaqişə və əsas qlobal tədarük dəhlizlərindən sayılan Hörmüzdə gəmi hərəkətlərinin kəskin azalması ilə əlaqədar "Brent" nefti artıq 50 faizdən çox bahalaşıb, öncədən bağlanan kontraktlar bir barel üçün 109 dollardan yuxarı satılır ki, bu da qlobal neft bazarlarında artan təzyiqi əks etdirir.
"Fitch Solutions"un tərkibinə daxil olan BMI-ın analitikləri, münaqişənin uzanacağı təqdirdə qiymətin 150-i dolları keçəcəyini belə istisna etmir.
Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.