İnformasiya və rabitə sektoruna investisiyalar iki dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 106,1 milyon manat təşkil edib.

Olaylar.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 4,4%-ə bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz çox olub.

Ümumi sərmayənin 1 milyard 434,0 milyon manatı və ya 58,9 faizi məhsul istehsalı sahələrinin, 794,7 milyon manatı (32,6 faizi) xidmət sahələrinin, 207,7 milyon manatı (8,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 53,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 73,1 faizini təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31