İlon Mask 20 milyardlıq çip zavodu tikməyi planlaşdırır
12:35 İqtisadiyyat"Tesla" və "SpaceX" şirkətləri ABŞ-nin Texas ştatının Ostin şəhərində iri çip istehsalı zavodu tikməyi planlaşdırır.
Olaylar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə hər iki şirkətin rəhbəri İlon Mask açıqlama verib.
Mask bildirib ki, "Terafab" adlandırılan bu layihə həyata keçirilməsə, şirkətlər gələcəkdə çip çatışmazlığı ilə üzləşə bilər: "Ya "Terafab"ı quracağıq, ya da çipsiz qalacağıq".
Onun sözlərinə görə, zavodda istehsal olunacaq çiplər "Tesla" elektromobilləri, "Optimus" humanoid robotları və kosmik sahədə istifadə ediləcək.
"SpaceX" isə bu çiplərdən süni intellekt hesablamaları üçün orbitdə yerləşdirilməsi planlaşdırılan çoxsaylı peyklərdə istifadə etməyi nəzərdə tutur.
Layihəyə əsasən, "Terafab" kompleksi iki əsas hissədən ibarət olacaq və hər bölmə fərqli tip çiplərin istehsalına yönələcək.
Mask qeyd edib ki, zavod müasir və mürəkkəb litoqrafiya texnologiyaları ilə təchiz olunacaq. Burada çiplərin dizaynı, test edilməsi və kütləvi istehsalı üçün bütün zəruri avadanlıqlar yerləşdiriləcək.
Layihənin dəqiq tikinti müddəti və şirkətlər arasında vəzifə bölgüsü hələ açıqlanmayıb.
"Morgan Stanley" analitiklərinin hesablamalarına görə, belə bir zavodun tikintisi 20 milyard dollardan çox vəsait tələb edə və bir neçə il davam edə bilər.