Bakı və İrəvan arasında yeni iqtisadi model: Ucuz idxal, geniş ixrac imkanları ÖZƏL

"İqtisadi münasibətlərdə ölkələr arasında iki əsas faktor xüsusi rol oynayır: siyasi münasibətlərin yüksək səviyyədə olması və məsafə amili. Bu iki faktor ölkələr arasında iqtisadi, o cümlədən ticarət əlaqələrinin formalaşmasında və inkişafında mühüm əhəmiyyət daşıyır".

Bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlamasında deyib. Ekspertin fikrincə, Ermənistanla münasibətlərin siyasi müstəvidə normallaşması və sülh müqaviləsinin imzalanmasından sonra iqtisadi əməkdaşlıq da getdikcə genişlənəcək. Bu halda Ermənistan Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından birinə çevrilə bilər. Təbii ki, söhbət ilk üçlük və ya beşlikdən getmir, lakin Ermənistanın gələcəkdə Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında ilk onluğa düşmək ehtimalı kifayət qədər yüksəkdir. Bunun əsas səbəblərindən biri Ermənistandan idxal olunacaq məhsulların maya dəyərinin daha aşağı olmasıdır. Məsafənin yaxınlığı nəqliyyat xərclərini azaltdığı üçün bu məhsullar bazarda daha ucuz və rəqabətqabiliyyətli şəkildə təqdim oluna bilər. Bu isə uzaq ölkələrdən gətirilən məhsullarla müqayisədə onlara üstünlük qazandıracaq və nəticədə Ermənistan mənşəli məhsullar Azərbaycan bazarında özünə daha geniş yer tuta biləcək.

İqtisadçı əlavə edib ki, digər tərəfdən, Azərbaycan da həm kənd təsərrüfatı, həm də qeyri-neft-qaz sektoruna aid məhsulların ixracını artırmaq imkanına malikdir. Zaman keçdikcə Ermənistanın Azərbaycanın ixrac bazarındakı payı arta bilər. Bununla belə, yaxın on il ərzində ticarət dövriyyəsində Ermənistana ixrac edilən məhsullar arasında neft-qaz və ümumilikdə enerji sektorunun payının daha yüksək olacağı gözlənilir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31