Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır- ÖZƏL

"Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin ən mühüm istiqamətlərindən biri enerji əməkdaşlığıdır. Xüsusilə 2022-ci ildə imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasından sonra sözügedən sahədə əməkdaşlıq daha da genişlənib. Bu gün Avropa İttifaqının 10 üzv dövləti ölkəmizdən təbii qaz alır və ümumilikdə Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. Bu göstərici dövlətimizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun əhəmiyyətini ortaya qoyur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Azərbaycan qaz hasilatının artırılması istiqamətində yeni layihələr həyata keçirir və yaxın illərdə əlavə qaz həcmlərinin Avropa bazarına çıxarılması planlaşdırılır. Bu prosesdə Cənub Qaz Dəhlizi layihəsi mühüm rol oynayır və həmin boru xətti Avropanın enerji mənbələrinin şaxələndirilməsi strategiyasına ciddi töhfə verir. Enerji məsələləri üzrə əməkdaşlığın digər mühüm istiqaməti isə bərpaolunan enerji sahəsidir. Azərbaycan geniş Günəş və külək potensialına malik ölkə kimi Avropa bazarı üçün yaxın perspektivdə yaşıl enerji mənbələrindən birinə çevrilmək niyyətindədir. Ölkəmizdə həyata keçirilən enerji strategiyasına görə, yaxın 5-6 il ərzində 6-8 giqavat həcmində bərpaolunan enerji istehsalının ixrac potensialı formalaşdırılması planlaşdırılır. Bu çərçivədə Avropa tərəfdaşları əməkdaşlıq çərçivəsində elektrik ötürmə xətləri, enerji infrastrukturu və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabelləri üzrə iş aparılır. Təsadüfi deyil ki, Azərbaycan Aİ tərəfindən təkcə qaz ixracatçısı deyil, həm də gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaş kimi qəbul olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31