Qlobal neft qiymətləri səddi: Azərbaycan nefti strateji imkanını gücləndirir ÖZƏL

The Economist nəşri xəbərdarlıq edib ki, Hörmüz boğazı uzun müddət bağlı qalarsa, dünya bazarında neftin qiyməti bir barel üçün 150-200 dollara qədər yüksələ bilər. Nəşrin təhlilinə görə, bu ssenari qlobal enerji bazarı ilə yanaşı dünya iqtisadiyyatına da ciddi zərbə vura bilər. Ekspertlər bildirirlər ki, boğazda gəmi hərəkətinin məhdudlaşması neft və qaz təchizatında ciddi problemlər yarada bilər. Belə ki, dünya üzrə neft tədarükünün təxminən 15-20 faizi, maye təbii qaz ixracının isə 30 faizdən çoxu məhz bu marşrutdan keçir.
Analitiklərin fikrincə, böhran dərinləşərsə, Xəzər regionu və xüsusilə Bakı nefti alternativ enerji mənbəyi kimi daha böyük strateji əhəmiyyət qazana bilər. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ixrac olunan Azərbaycan neftinin rolu daha da arta bilər.

Hörmüz boğazında gərginliyin davam etməsi və neft qiymətlərinin 150-200 dollar səviyyəsinə yüksəlməsi ehtimalı nə dərəcədə realdır? Belə bir ssenari dünya iqtisadiyyatında hansı zəncirvari təsirlərə səbəb ola bilər? 
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib: 
" Hörmüz boğazında hərəkətin uzun müddət məhdudlaşması ssenarisi realdır, çünki bu boğaz dünya neft və qaz ticarətində əsas marşrutlardan biridir. Buradakı hər hansı ciddi problem neftin qlobal təchizatını dərhal azaldar, bu da qiymətləri kəskin şəkildə yüksəldə bilər. Analitiklərin göstərdiyi 150-200 dollar bir barel səviyyəsi mümkün ssenarilərdə görünən rəqəmlərdir, xüsusilə digər enerji təchizatı mənbələri kəsilməzsə və ehtiyatlar sürətlə artırılmazsa.
Belə bir böhran dünya iqtisadiyyatına ciddi zəncirvari təsir göstərə bilər. Neft qiymətlərinin yüksəlməsi yanacaq, nəqliyyat və istehsal xərclərini artırar, məhsul qiymətlərini qaldırar, inflyasiyanı sürətləndirər. Eyni zamanda enerji idxalçısı ölkələrin ticarət balansı pisləşər, sərmayə və istehlak azalaraq iqtisadi artımı yavaşıdar. Sərt qiymət şokları həm sənaye, həm də kənd təsərrüfatı sektoruna təsir edə bilər.
Azərbaycan neftinin rolu bu şəraitdə artar, çünki Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Xəzər regionu nefti dünya bazarına çıxışda alternativ enerji mənbəyi kimi önəmli strateji əhəmiyyət qazanır. Neftin təchizatında risklərin artdığı bir dövrdə Azərbaycan nefti daha çox tələb oluna bilər və ölkənin qlobal enerji təhlükəsizliyində mövqeyi güclənə bilər.
Sadəcə qeyd etmək lazımdır ki, belə vəziyyət həm də uzunmüddətli planlaşdırma, enerji şaxələndirilməsi və investisiya qərarlarını sürətləndirə bilər". 

Zeynəb  Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31