AİB "Azərbaycan Dəmir Yolları"nın rəqəmsal transformasiyası layihəsi üzrə tender elan edib

Asiya İnkişaf Bankı (AİB) "Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi" çərçivəsində satınalma prosedurlarına start verib və layihə üzrə beynəlxalq tender elan olunub.

Olaylar.az AİB-ə istinadən xəbər verir ki, layihə "Azərbaycan Dəmir Yolları" QSC-nin əsas fəaliyyət proseslərinin rəqəmsallaşdırılmasını nəzərdə tutur və 47 milyon ABŞ dolları məbləğində kredit hesabına maliyyələşdirilir. Maliyyələşmə AİB-in 4497-AZE nömrəli krediti çərçivəsində ayrılıb.

Layihənin əsas məqsədi dəmir yolu sektorunda idarəetmənin və əməliyyatların səmərəliliyinin artırılmasıdır. Bu çərçivədə dəmir yolu daşımalarının idarə edilməsi, aktivlərin idarə olunması, investisiyaların planlaşdırılması və idarə edilməsi, yük müştəriləri ilə iş sistemi, eləcə də korporativ funksiyaların rəqəmsallaşdırılması planlaşdırılır.

Layihə nəticəsində məlumatların idarə olunmasının təkmilləşdirilməsi, aktivlərin optimallaşdırılmış idarə edilməsi, dəmir yolu əməliyyatlarının ümumi səmərəliliyinin artırılması, xərclərin azaldılması, dəmir yolu təhlükəsizliyinin gücləndirilməsi və əmək məhsuldarlığının yüksəldilməsi gözlənilir.

Eyni zamanda, layihə çərçivəsində ADY-nin əsas biznes proseslərinin vahid idarəetmə məlumat sistemində tam inteqrasiyası həyata keçiriləcək, şirkətin əməkdaşlarının informasiya texnologiyaları sahəsində bacarıqları artırılacaq.

Məlumata görə, layihə ölkə üzrə həyata keçiriləcək və əsas məqsədlərdən biri Azərbaycanda dəmir yolu sektorunun dayanıqlı inkişafını təmin etməkdir.

Layihənin icrası çərçivəsində maliyyələşdirilən bütün satınalma prosedurları AİB-in beynəlxalq açıq tender qaydalarına uyğun olaraq həyata keçiriləcək. Satınalmalar bankın 2017-ci il tarixli Satınalma Siyasəti və qaydalarına əsasən beynəlxalq rəqabətli tender prosedurları vasitəsilə təşkil olunacaq.

Qeyd edək ki, layihə üzrə kredit 10 mart 2025-ci ildə qüvvəyə minib, hazırda satınalma və tender prosesləri davam edir. Layihənin təsdiqi isə 30 sentyabr 2024-cü ildə baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31