Mərkəzi Asiya və Transxəzər regionu güc və artım zonasına çevrilir - Eka Tkeşelaşvili
16:01 İqtisadiyyatMərkəzi Asiya və Transxəzər regionunun əlaqəliliyi barədə danışarkən aydın olur ki, region düzgün istiqamətdə irəliləyir. O, artan iqtisadi rifahı, etibarlı nəqliyyat və kommunikasiya əlaqələri, həmçinin qlobal tərəfdaşlarla dayanıqlı münasibətləri ilə güc və sabitlik zonasına çevrilir.
Olaylar.az xəbər verir ki, bunu Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili "Keçid dövründə olan dünyada parçalanmaların aradan qaldırılması" mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
"Belə bir perspektivdə region bu gün dünyanın bir çox yerlərində səslənən tənqidlərin obyekti kimi deyil, gələcəkdə daha uğurlu inkişaf üçün həvəs və potensial nümayiş etdirən etibarlı strateji tərəfdaş kimi görünür", - deyə o qeyd edib.
Eka Tkeşelaşvili vurğulayıb ki, region gələcəyə ümid və nikbinlik aşılayır.
"Lakin bunu öz-özünə baş verən bir hal kimi qəbul etmək olmaz. Əgər soruşsaq ki, niyə belə dəyişikliklər məhz burada, bəlkə də digər regionlarda da baş verir - buna təsir edən bir sıra xarici amillər var. Ancaq müsbət proseslərin əsasını yerli rəhbərliyin məqsədyönlü və strateji addımları təşkil edir. Ölkə rəhbərləri regionun inkişafının hərəkətverici qüvvəsinə çevriliblər", - deyə o əlavə edib.