Orta Dəhliz Asiya ilə Avropa arasında təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edir - Binəli Yıldırım
15:14 İqtisadiyyatOrta Dəhliz Asiya ilə Avropa arasında təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edir.
Olaylar.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Orta Dəhliz və Avrasiyanın nəqliyyat qapıları" adlı panel iclasında bildirib.
"Orta Dəhliz getdikcə daha da təkmilləşir. Məsələn, Süveyş kanalı, həmçinin Yəmən ətrafından keçən marşrutlar var ki, onlar istənilən an problemli ola bilər. Hörmüz boğazı isə bu yaxınlarda bağlanıb və enerji resurslarının və digər yüklərin daşınması üçün istifadə olunmur. Belə gözlənilməz vəziyyətlərdə bu dəhliz Asiya ilə Avropa arasında təhlükəsiz və etibarlı nəqliyyat yolunu təmin edir",- o bildirib.
B. Yıldırım vurğulayıb ki, regiona bütün dünyaya olduğu kimi, rifah və sülh lazımdır.
"Bu səbəbdən Orta Dəhliz sadəcə nəqliyyat layihəsi deyil; o, regional sabitliyi də təmin edir. Türkiyə Türk Dövlətləri Təşkilatının üzvü kimi bu baxışı dəstəkləməyə və region boyunca əlaqəliliyin gücləndirilməsinə töhfə verməyə davam edəcək. Çünki XXI əsrdə dövlətlərin gücünü təkcə malik olduqları resurslar deyil, həm də qurduqları əlaqələr müəyyənləşdirir",- deyə o qeyd edib.
B.Yıldırımın sözlərinə görə, təhlükəsizlik və ticarət qaydalarına riayət olunması yalnız ayrı-ayrı ölkələrin məsuliyyəti deyil, bütün qlobal iqtisadiyyatın ortaq öhdəliyidir. Orta Dəhlizin gücləndirilməsi bu ümumi məsuliyyətin yerinə yetirilməsinin mühüm elementidir.