Hörmüz böhranı qaz bazarını silkələyir: Avropada qiymətlər artır, Azərbaycan üçün yeni imkanlar yaranır ÖZƏL
14:14 İqtisadiyyatHörmüz boğazında daşınmaların faktiki dayanması qlobal enerji bazarında ciddi gərginlik yaradıb. Hörmüz boğazındakı gərginlik və LNG marşrutlarının dəyişməsi Avropada qaz qiymətlərinə orta və uzunmüddətli perspektivdə necə təsir göstərə bilər?Mövcud vəziyyət Azərbaycan üçün qaz ixracını və enerji gəlirlərini artırmaq baxımından hansı yeni imkanlar yarada bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Hörmüz boğazındakı gərginlik və LNG marşrutlarının dəyişməsi Avropada qaz qiymətlərinə həm orta, həm də uzunmüddətli perspektivdə təzyiq göstərə bilər. Boğazdan keçən tədarüklərin məhdudlaşması səbəbindən Avropa ölkələri enerji təminatını alternativ mənbələrdən ödəməyə məcbur olur. Bu isə Avropa bazarında qazın qiymətinin artmasına və qiymət dəyişkənliyinin davam etməsinə səbəb olur. Gərginliyin uzunmüddətli davam etməsi Avropanın strateji ehtiyatlarını gücləndirməyə, əlavə LNG tədarükü müqavilələri bağlamağa və daha çox alternativ mənbələrə yönəlməsinə gətirib çıxara bilər.
Azərbaycan üçün bu vəziyyət yeni imkanlar yaradır. Avropa bazarında qazın qiymətinin yüksəlməsi və tədarük mənbələrinin daralması Azərbaycan qazına tələbi artırır. Mövcud infrastruktur və qaz ixrac marşrutları vasitəsilə Azərbaycan artıq 16 ölkəyə qaz ixrac edir, Avstriya və Almaniyanın da bu siyahıya daxil olması ixrac imkanlarını genişləndirir. Bu isə ölkənin enerji gəlirlərini artırmaq və Avropa bazarında strateji mövqeyini gücləndirmək baxımından əlverişli şərait yaradır.
Həmçinin Azərbaycan üçün bu şərait uzunmüddətli perspektivdə yeni ticarət müqavilələri bağlamaq, qaz nəqli infrastrukturunu genişləndirmək və Avropa ölkələri ilə enerji əməkdaşlığını dərinləşdirmək üçün əlavə imkanlar yaradır. Qısa desək, Hörmüz boğazındakı gərginlik Avropada qaz qiymətlərini yüksəldir və Azərbaycan üçün ixrac və gəlir imkanlarını artırır".
Zeynəb Mustafazadə