Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir- ÖZƏL
11:49 İqtisadiyyat"Ölkəmiz enerji siyasətində yeni istiqamət kimi bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Günəş, külək və digər bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi ölkəmizin enerji balansında alternativ mənbələrin payının artmasına xidmət edir. Bu istiqamətdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Bu gün Azərbaycan həm ənənəvi enerji resurslarının ixracında, həm də yaşıl enerji layihələrinin təşviqində mühüm rol oynayan ölkələrdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda iqtisadi əməkdaşlığın və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan qlobal enerji əməkdaşlığında mühüm tərəfdaş kimi çıxış edir və gələcəkdə də bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış etməyə davam edəcək".