Dünya neft bazarında sanksiya yumşalması: qiymətlərə təsir nə olacaq?- ÖZƏL
15:06 İqtisadiyyatABŞ prezidenti Donald Tramp bəzi ölkələrə qarşı tətbiq olunan neft sanksiyalarının ləğv ediləcəyini açıqlayıb. O, qiymətləri aşağı salmaq məqsədilə bu addımı atdıqlarını bildirib və İrana hərbi müdaxilənin neft qiymətlərinə təsirinin gözlənildiyindən az olduğunu qeyd edib. İranın Hörmüz boğazında tankerlərə hücumundan sonra dünya bazarında neft qiymətləri 40 dollardan çox artmışdı. ABŞ, Hindistana bir aylıq müddət üçün Rusiyadan tankerlərdə qalan nefti almağa icazə verdi. Rusiya tərəfi isə Vaşinqtonla sanksiyaların yumşaldılması imkanlarını müzakirə edir.
ABŞ-ın bəzi neft sanksiyalarını ləğv etməsi dünya bazarına və qiymətlərin stabilləşməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" ABŞ-ın bəzi neft sanksiyalarını yumşaltması və ya ləğv etməsi dünya bazarında təklifin artmasına səbəb ola bilər. Sanksiyalar tətbiq olunduqda müəyyən ölkələrin, xüsusilə də böyük istehsalçıların neft ixracı məhdudlaşır və bu da qlobal bazarda təklifin azalmasına, nəticədə qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Sanksiyalar qismən aradan qaldırıldıqda isə həmin ölkələr daha çox neft sata bilir və bazara əlavə həcmdə neft daxil olur.
Təklifin artması adətən qiymətlərin sabitləşməsinə və ya müəyyən qədər aşağı düşməsinə kömək edir. Bu, xüsusilə enerji idxal edən ölkələr üçün müsbət təsir yarada bilər, çünki yanacaq və enerji xərcləri azalır. Eyni zamanda, bazarda panika və qeyri-müəyyənlik azaldıqda investorların və treyderlərin davranışı da daha sabit olur. ABŞ-ın Hindistana Rusiyadan tankerlərdə qalan nefti almaq üçün müvəqqəti icazə verməsi də bazarda mövcud olan neft ehtiyatlarının dövriyyəyə daxil olmasına şərait yaradır. Bu cür addımlar qlobal tədarük zəncirindəki tıxanmaları qismən aradan qaldıraraq qiymət təzyiqini azalda bilər.
Bununla yanaşı, bazarın sabitliyi yalnız sanksiyalardan asılı deyil. Geosiyasi risklər, xüsusilə Yaxın Şərqdə gərginlik, Hörmüz boğazı kimi strateji marşrutlarda təhlükəsizlik, həmçinin böyük istehsalçı ölkələrin hasilat qərarları da qiymətlərə ciddi təsir göstərir. Buna görə sanksiyaların yumşaldılması qiymətlərin kəskin artımının qarşısını müəyyən qədər ala bilər, lakin uzunmüddətli sabitlik üçün digər amillər də mühüm rol oynayır".
Zeynəb Mustafazadə