Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ! — Müharibəyə görə...

İranda baş verən son hərbi-siyasi gərginlik fonunda qlobal iqtisadiyyatda yarana biləcək qeyri-müəyyənliklər Azərbaycanın maliyyə-bank sektorunun da diqqət mərkəzindədir. Xüsusilə, müharibənin miqyasının genişlənməsi və qlobal böhran riskinin artması vəziyyətində bankların kreditləşmə siyasətində ciddi dəyişikliklərin edilə biləcəyi ehtimal olunur.

Milli.Az xəbər verir ki, maliyyə-bank üzrə ekspert Əkrəm Həsənov məsələyə münasibət bildirərkən Demokrat.az-a açıqlamasında qeyd edib ki, İranla bağlı mümkün hərbi gərginliyin Azərbaycanın bank və maliyyə sisteminə birbaşa təsir edəcəyi ehtimalı azdır:

"Azərbaycan öz milli pul və maliyyə sisteminə malikdir və bu səbəbdən belə proseslərin bank sektoruna birbaşa təsiri gözlənilmir. Qlobal miqyasda hərbi və siyasi gərginliklər bəzən enerji bazarlarına təsir göstərir. Belə hallarda neftin qiymətinin artması müşahidə oluna bilər ki, bu da qısamüddətli perspektivdə neft ixrac edən ölkə kimi Azərbaycanın iqtisadi maraqlarına müəyyən qədər uyğun ola bilər. Məsələ yalnız iqtisadi tərəfdən qiymətləndirilməməlidir. Çünki regionda, xüsusilə Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə hərbi və geosiyasi gərginliyin artması siyasi və təhlükəsizlik baxımından ölkə üçün arzuolunan vəziyyət deyil. Buna görə də belə hadisələr iqtisadi baxımdan müəyyən müsbət təsirlər yarada bilsə də, ümumi regional sabitlik baxımından risklər daşıyır".

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31