Azərbaycan qazı Avropa ölkələrinin enerji balansında mühüm yer tutur
6 Mart 10:42 İqtisadiyyatÖlkəmiz regional və qlobal enerji arxitekturasındakı mövqeyini gücləndirib
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji strategiyasının yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı həm mövcud iqtisadi nəticələrin dəyərləndirilməsi, həm də qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli mesajlarla zəngin idi. Son 12 ildə Cənub Qaz Dəhlizi təşəbbüsü regional layihədən qlobal enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Geosiyasi gərginliklər, təchizat zəncirlərində qırılmalar və enerji bazarlarında qiymət dalğalanmaları fonunda Azərbaycan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında etibarlı körpü rolunu gücləndirib. Əgər layihənin ilkin mərhələsində 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb.
Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada birinci yerdə olması enerji diplomatiyasının iqtisadi nəticələrini açıq şəkildə göstərir: "İxrac coğrafiyasının genişlənməsi iqtisadi baxımdan gəlirlərin sabitləşməsi və risklərin azaldılması deməkdir. Almaniya və Avstriyanın Azərbaycan qazı alan ölkələr sırasına qoşulması Avropa bazarında mövqelərin möhkəmləndiyini göstərir. Eyni zamanda, Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni bazarlara çıxış imkanlarını genişləndirir və ixracın şaxələndirilməsi strategiyasını gücləndirir. Şaxələndirmə yalnız istehlakçılar üçün deyil, istehsalçı ölkə kimi Azərbaycan üçün də iqtisadi dayanıqlığın əsas elementidir. Artan tələbat fonunda əsas çağırışlardan biri infrastrukturun genişləndirilməsidir. Cənub Qaz Dəhlizinin tam yüklənmiş vəziyyətdə olması əlavə investisiyalara ehtiyac yaradır. Yeni interkonnektorlar, ötürücü xətlər və qazpaylama şəbəkəsinin modernləşdirilməsi qarşıdakı mərhələnin prioritetlərindəndir.
"Azəri-Çıraq-Günəşli"nin dərin qaz layları, "Abşeron" yatağının tammiqyaslı işlənməsi, "Ümid" yatağının ikinci mərhələsi və 2028-ci ildən "Şahdəniz" üzrə yeni mərhələnin başlanması 10-15 milyard kubmetr əlavə qaz hasilatı potensialı yaradır. Bu isə həm ixracın artırılması, həm də daxili enerji balansının optimallaşdırılması baxımından mühüm iqtisadi perspektivdir. Enerji strategiyasının mühüm istiqamətlərindən biri də yaşıl enerji gündəliyidir. 240 meqavat gücündə külək elektrik stansiyasının və 230 meqavat gücündə Günəş elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payını artırır. 2032-ci ilə qədər 6-8 giqavat alternativ enerji gücünün yaradılması ilə bağlı imzalanmış müqavilələr ölkəyə milyardlarla dollar investisiya cəlb olunmasını və yeni sənaye sahələrinin formalaşmasını şərtləndirir. Bu yanaşmanın iqtisadi məntiqi aydındır: alternativ enerji istehsalı artdıqca daxili elektrik istehsalında istifadə olunan təbii qazın bir hissəsi ixraca yönəldilə bilər. Bu isə əlavə valyuta gəlirləri, tədiyyə balansının möhkəmlənməsi və büdcə dayanıqlığının güclənməsi deməkdir. Eyni zamanda, yaşıl enerji layihələri kommunikasiya sektoru, süni intellekt və data mərkəzləri kimi yüksək enerji tələbatlı sahələrin inkişafı üçün baza yaradır".
Millət vəkili əlavə edib ki, Azərbaycanın enerji strategiyası yalnız hasilat və ixracla məhdudlaşmır: "Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq yeni layihə, İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin alınması ölkənin enerji dəyər zəncirində daha yüksək mövqeyə yüksəldiyini göstərir. Aralıq və Egey dənizləri hövzəsində 22 milyon tonluq neftayırma potensialı Azərbaycanın yalnız xammal ixracatçısı deyil, həm də emal və paylama şəbəkəsinə malik beynəlxalq enerji oyunçusu kimi çıxış etdiyini sübut edir. Eyni zamanda, Azərbaycan Xəzərin şərq sahillərindən - Qazaxıstan və Türkmənistandan - neft tranzitini artırmaqla regional logistika mərkəzi rolunu möhkəmləndirir. Bu isə nəqliyyat və tranzit gəlirlərinin artmasına, infrastrukturun daha səmərəli istifadəsinə və regional inteqrasiyanın güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri enerji siyasətinə praqmatik yanaşmadır. Qazıntı yanacaqları ilə bərpaolunan enerji mənbələrinin balanslı vəhdəti Azərbaycanın uzunmüddətli iqtisadi maraqlarına cavab verir. Ölkənin qaz ehtiyatlarının onilliklər boyu kifayət etməsinə baxmayaraq, paralel şəkildə yaşıl enerji sahəsinə milyardlarla investisiya yatırılması iqtisadi diversifikasiyanın və gələcək risklərin idarə edilməsinin göstəricisidir. Beləliklə, Bakıda keçirilən iclaslar göstərdi ki, Azərbaycan enerji bazarında təkcə təchizatçı deyil, həm də strateji planlaşdırıcı və investisiya mərkəzidir. Şaxələndirilmiş ixrac, genişlənən infrastruktur, artan bərpaolunan enerji gücü və beynəlxalq tərəfdaşlıqlar ölkənin enerji təhlükəsizliyini iqtisadi dayanıqlılıq və qlobal təsir imkanları ilə birləşdirən kompleks model formalaşdırdığını göstərir. Bu model yaxın illərdə Azərbaycanın regional və qlobal enerji arxitekturasındakı mövqeyini daha da gücləndirəcəkdir".
. Milli Məclisinn deputatı Sevinc Hüseynova qeyd edib ki, müasir dövrdə enerji təhlükəsizliyi hər bir dövlət üçün strateji məsələdir. Qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər, geosiyasi gərginliklər və artan tələbat fonunda etibarlı və uzunmüddətli tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanın hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiq ölkə kimi tərəfdaşları ilə etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirib: "Hazırkı şəraitdə qarşıda duran mühüm məsələlərdən biri də yaşıl enerji və enerji keçidi məsələləri ilə bağlıdır. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla yanaşı, eyni zamanda bərpaolunan enerji sahəsində böyük potensiala sahibdir. Ölkənin xüsusilə günəş və külək enerjisi üzrə imkanları geniş perspektivlər açır. Xəzər dənizinin Azərbaycan sektorunda böyük həcmdə külək enerjisi potensialı mövcuddur və bu imkanlardan səmərəli istifadə olunması istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq həyata keçirilir. Həmçinin, ölkənin müxtəlif bölgələrində günəş və külək elektrik stansiyalarının tikintisi üzrə müqavilələr imzalanıb və bu layihələrin icrasına başlanılıb. Həmçinin yaşıl enerji layihələrinin həyata keçirilməsi daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz resurslarının daha çox ixraca yönəldilməsinə və karbon emissiyalarının azaldılmasına xidmət edir. Bu yanaşma Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir".
Deputat bildirib ki, enerji layihələri yalnız iqtisadi deyil, eyni zamanda siyasi və strateji əhəmiyyət daşıyır: "Bu layihələr regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir. Azərbaycan təşəbbüskar və etibarlı tərəfdaş kimi regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində fəal rol oynamaqda davam edir. Gələcək dövrdə həm Cənub Qaz Dəhlizi çərçivəsində, həm də yaşıl enerji sahəsində yeni layihələrinin icrası nəzərdə tutulur. Enerji infrastrukturlarının modernləşdirilməsi, ötürücülük imkanlarının genişləndirilməsi və yeni ixrac marşrutlarının formalaşdırılması da prioritet istiqamətlərdəndir. Bu mənada Bakıda keçirilən Məşvərət Şurasının fəaliyyəti çərçivəsində qəbul olunacaq qərarların qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik mövcuddur. Dövlətimizin başçısı da Azərbaycan bundan sonra da enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerji keçidinin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü siyasətini davam etdirəcəyini bir daha bəyan edib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan etibarlı enerji təminatçısı olmaqla yanaşı həm də strateji tərəfdaş mövqeyini də günü-gündən gücləndirir. Bu da ölkəmizin uğurlu enerji strategiyasının tərkib hissəsidir. Azərbaycanın enerji siyasəti sülhə, əməkdaşlığa, regional və qlobal miqyasda etibarlı tərəfdaşlığın formalaşmasına xidmət edir".
Alim Hüseynli