Azərbaycanda dolların məzənnəsi ilə bağlı mühüm AÇIQLAMA
11:26 İqtisadiyyatYaxın Şərq və İran ətrafında baş verən proseslər bir sıra bahalaşmalara səbəb olub. Bu isə insanlar arasında yaxın vaxtlarda dolların da bahalaşacağı fikrini artırır.
Sadə insanlar belə düşünsə də mütəxəssislər bunu istisna edir.
Azərbaycanda Mərkəzi Bankın bu prosesi tənzimlədiyini deyən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc ABC.AZ-a şərhində bildirib ki, Azərbaycanda dolların məzənnəsində hər hansı bir dəyişiklik gözlənilmir.
Buna baxmayaraq, iqtisadçı müəyyən xoşagəlməz halların yarandığını da vurğulayır:
"Bütün iqtisadi proseslər onu göstərir ki, dollara olan tələbat artır və baza etibarı ilə məhdudlaşmalar meydana gəlir. Müharibə şəraiti, ümumiyyətlə bölgədə gərginlik son nəticədə dollara qarşı diqqəti və tələbatı artırır. İstər bizdə, istərsə qonşu dövlətlərdə. Bu baxımdan bu prosesin Azərbaycana təsiri mümkündür. Amma, nəzərə alsaq ki, hal-hazırda Azərbaycanda bazar pul-kredit siyasəti, monetar siyasət dövlət tərəfindən tənzimlənir və burada bazarda olan proseslər bu və ya digər formada məzənnə siyasətinə təsir göstərmir. Əgər Azərbaycanda manat və dollar arasında məzənnə sərbəst bazar vasitəsilə müəyyənləşsəydi, təbii ki, burada dolların qiymətinin artımı labüd idi. Lakin, bildiyiniz kimi məzənnə məbləği göstəricisi neçə müddətdir ki, sabit saxlanılır və bu dövlət tərəfindən pul-kredit siyasətinin idarə olunması kimi özünü göstərir. Və bunun qarşılığında isə onu deyə bilərəm ki, getdikcə müharibənin gedişatında yerli valyutalar inflyasiya səbəbindən öz dəyərini itirir. Hal-hazırki situasiya dolların bazarda möhkəmlənməsinə gətirib çıxardır və bu təbii ki, dollara olan ehtiyacın səviyyəsini artırır".