Dünya bazarında neftin qiyməti 15-17 faiz bahalaşa bilər - Proqnoz

Artıq 4 gündür ki, Yaxın Şərq və İran ətrafında baş verən hadisələr region ölkələrinin iqtidadiyyatına da təsir etməyə başlayıb.

Sözügedən təsir ən çox da neftin qiymətində özünü biruzə verir.

Belə ki, artıq bir neçə gündür neftin qiymətində dəyişiklik müşahidə olunur. Dəyişiklik stabil deyil, yəni gah qiymətdə artım, gah da azalma olduğu görsənir. Bəs görəsən neftin qiyməti nə vaxta kimi belə dəyişəcək və ya bundan sonra artacaqmı?

Bu sualla Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruca müraciət etdik.

İqtisadçı ABC.AZ-a bildirdi ki, İran OPEC+ qrupuna daxildir və bu baxımdan neftin qiymətinin tənzimlənməsində birbaşa iştirak eləyir.

Onun sözlərinə görə, mövcud vəziyyət çox riskli durum yaradıb:

"Bu baxımdan İranla Amerika Birləşmiş Ştatları və İsrail arasında gərginlik son həddə çatdıqda, yəni müharibə şəraitinə qədər inkişaf etdikdə istər-istəməz risklərin dərəcəsi daha da artır və bu, neftin qiymətinə birbaşa təsir göstərir. Əgər bu müharibə uzunmüddətli davam edəcəksə, neftin qiymətində ciddi artım baş verə bilər - hətta Brent neftinin qiyməti hardasa 15-17 faiz bahalaşmaya məruz qalar. Yox, əgər qısa bir müddətdədirsə, təqribən 5-10 faiz civarında artımı biz ehtimal eləyirik. Çünki bu proses ki, hal-hazırda baş verir, bu neftin təchizat problemini yaradır,  bazarda və birjalarda gərginliyə səbəb olur. Eyni zamanda risklər artdıqca investorun da buradan gəlir gözləntiləri artmış olur və bazarda yeni situasiya yaranır. Bu baxımdan neftin qalxması tamamilə labüddür. Həmçinin, bütün müharibə şəraitlərində neft qiyməti həmişə yüksəlir, yəni bu artıq yazılmamış bir qanundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31