Azərbaycanın xarici ticarət dövriyyəsi 14.4 milyarda çatıb
13 İyul 2012 16:50 İqtisadiyyatDövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2012-ci ilin yanvar-may aylarında aparılmış xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.7 faiz azalaraq 14.4 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 90.4 faizi və ya 13.0 milyard dolları uzaq xarici dövlətlərlə, 1.4 milyard dolları isə MDB üzvü ölkələri ilə aparııb. Beş ay ərzində ölkəmizdən xarici ölkələrə 10.7 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilib ki, onun 442.7 milyon dollarlıq həcmi MDB ölkələrinə, 10.3 milyard dollar dəyərində mallar isə digər xarici dövlətlərə ixrac olunub. Məlumatda o da bildirilir ki, qeyri-neft məhsullarının ixracı beş ay ərzində 10.0 faiz artıb. Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 3.7 milyard dollar təşkil edib. Yanvar-may aylarında 13.4 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olub.