Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir

Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın "yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir.

Olaylar.az xəbər verir ki, bu haqda Azərbaycanın Energetika nazirliyinin 2025-ci ildə görülmüş işlərə dair hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, 04.04.2025-ci il tarixində Bakıda keçirilmiş layihə üzrə 2-ci nazirlər iclası zamanı "Azərbaycan Respublikasının Energetika Nazirliyi, Bolqarıstan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarətinə dair Anlaşma Memorandumu" imzalanıb və layihə üzrə görüləcək işlərə dair qrafik təsdiqlənib.

"Rumıniya tərəfi sözügedən layihəyə qoşulmaq istəyini bildirib. Bununla əlaqədar, 2025-ci ilin 4 aprel tarixində imzalanmış Anlaşma Memorandumuna dəyişikliyə dair Türkiyə tərəfindən protokol layihəsi hazırlanıb. Protokol layihəsi tərəflər arasında baxılmaqdadır. Türkiyə tərəfindən hazırlanmış layihənin texniki tapşırıqlar sənədinin (TOR) layihəsi tərəflər arasında razılaşdırılmaqdadır", -deyə hesabatda vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31