"Dövlət strateji sahələrdə nəzarəti gücləndirir" – Asif İbrahimov – ÖZƏL

Milli Məclis "İnvestisiya fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Sənəd dövlət başçısı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. 
Dəyişikliyə əsasən, indiyədək investisiyalar yalnız dövlət ehtiyacları və fövqəladə hallar (rekvizisiya) zamanı kompensasiya ödənilməklə alına bilirdisə, yeni qaydada strateji əhəmiyyətli investisiyalar milli maraqlara zidd olduğu müstəsna hallarda da dövlət tərəfindən alına biləcək. Bu halda da investorlara qanunvericiliyə uyğun kompensasiya ödənilməsi nəzərdə tutulur. 

"Əsas yenilik ondan ibarətdir ki,dövlət ehtiyacları məsələn, strateji layihələr və ya ictimai maraqlar üçün müəyyən obyektlərin istifadəsi və ya rekvizisiya hallarında, yəni təbii fəlakət, texnoloji qəza, epidemiyalar və digər fövqəladə vəziyyətlər olarsa, investisiyalar geri alınırdı. Yeni redaksiya strateji əhəmiyyətli investisiyaların Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olduğu hallarda da geri alınmasına imkan verir. Hər iki halda investorlar kompensasiya alacaqlar".

Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, bu dəyişiklik milli maraqların qorunması baxımından əhəmiyyətlidir, lakin xarici investorlar üçün müəyyən risklər yarada bilər: "Eyni zamanda, şəffaf kompensasiya mexanizmləri tətbiq olunarsa, investisiya inamı pozulmayacaq. Burda əhəmiyyətli məqam ondan ibarətdir ki, bu məsələ ictimaiyyətə və bundan sonra Azərbaycana investisiya yatırmaq niyyətində olan investorlara düzgün çatdırılmalıdır ki, öncədən dəqiq texniki-iqtisadi əsaslandırma apardıqdan sonra yatırım etsin.
Qısaca desək, dövlət strateji sahələrdə nəzarətini gücləndirir, iqtisadiyyat isə potensial risk və fürsətləri balanslaşdırmalı olacaq".

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31