Çinlə rəqabət aparan Hindistan Avropa bazarlarına çıxış imkanı axtarır- ÖZƏL
14:51 İqtisadiyyat"Ölkələrin iqtisadiyyatlarına müəyyən müddət ərzində cəlb olunan investisiyaların orta illik həcmi ilə həmin ölkənin bir neçə əsas iqtisadi göstəricisi arasında modellər qurulur, təhlillər aparılaraq investisiyaların səmərəliliyi ölçülür. Burada bir neçə önəmli nisbətlər nəzərə alınır. Əgər qoyulan investisiyalar qarşılığında həmin göstəricilər aşağıdırsa, bu dəfə fərqli hesablamalar aparılır. Bəzən həmin ölkələrdən gözləntilər dəyişir, investisiya qoyuluşları əvəzinə ölkələrə siyasi-iqtisadi təzyiqlər kəskin şəkildə artmağa başlayır". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Qlobal iqtisadiyyatda ciddi kapital təmərküzləşməsi var və həmin kapitalın qoyuluşu üçün münbit investisiya mühitinə malik nisbətən boş bazarları olan inkişaf etməkdə olan ölkələr axtarılır. Belə ölkələrin başında Çinlə rəqabət aparan, Avropa bazarlarına çıxış üçün marşrut axtarışında olan, əhali, ərazi, kadr potensialı, ucuz işçi qüvvəsi baxımından ən uyğun ölkə Hindistandır. İsrailin Hindistanı da daxil edən 6-lıq strateji ittifaq qurma planları, Avropa İttifaqının Hindistanla sərbəst ticarət müqaviləsini imzalaması, hindlilərin dünyanın aparıcı iqtisadi-siyasi quruluşlarında rəhbər vəzifələrdə olması, Blackrock şirkətinin rəhbəri Larry Finkin növbəti 20-25 ilin Hindistan erası olacaq deməsi və digər amillər ölkəmizə də birbaşa və dolayı yolla iqtisadi və siyasi təsir edəcək çox önəmli məsələlərdən biridir. Uzun və dərin təhlilə getmədən nəzərə alaq ki, bütün bunlar son dövrlərdə Çinin İranı dolayı yollarla dəstəkləməsi və Trampın Hindistana tariflər tətbiqi fonunda baş verir. Ölkəmiz üçün hansı təsirləri var? Hazırda bu və digər baş verən proseslərin ölkəmizə təsirləri var demək səthi yanaşma olardı. Baş verənlər ölkəmiz üçün taleyüklü proseslərdir".