Strateji sahələrdə yeni hüquqi mexanizm: İqtisadi təhlükəsizlik güclənir?- ÖZƏL

Milli Məclis   "İnvestisiya fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Bu dəyişiklik dövlət başçısı tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib: 
"Milli Məclis tərəfindən qəbul edilən dəyişiklik investisiya mühitində mühüm hüquqi yenilik hesab oluna bilər. İndiyədək investisiyaların dövlət tərəfindən geri alınması yalnız dövlət ehtiyacları və fövqəladə hallar çərçivəsində mümkün idisə, indi "milli maraqlara ziddlik" və ya "dövlətin və xalqın mənafelərinə zərər" kimi daha geniş və şərhə açıq anlayışlar da hüquqi əsas kimi əlavə olunur. Bu isə dövlətə daha çevik müdaxilə imkanı verir.
Belə dəyişikliklərin zərurəti adətən strateji sahələrdə - enerji, nəqliyyat, kommunikasiya, təbii ehtiyatlar kimi istiqamətlərdə milli təhlükəsizlik və iqtisadi suverenlik məsələləri ilə əsaslandırılır. Qlobal geosiyasi gərginliklərin artdığı, sanksiya və ticarət müharibələrinin genişləndiyi bir dövrdə dövlətlər strateji aktivlər üzərində nəzarəti gücləndirməyə çalışırlar. Bu baxımdan hüquqi mexanizmin əvvəlcədən müəyyənləşdirilməsi hökumət üçün alət rolunu oynaya bilər.
Digər tərəfdən, ölkənin investisiya cəlb etməyə ehtiyac duyduğu bir mərhələdə belə dəyişiklik risk siqnalı kimi də qəbul oluna bilər. "Milli maraq" anlayışının sərhədləri aydın və şəffaf müəyyənləşdirilməzsə, investorlar hüquqi qeyri-müəyyənliklə üzləşdiklərini düşünə bilərlər. Hətta kompensasiya mexanizmi nəzərdə tutulsa da, əsas məsələ qərarların obyektivliyi və məhkəmə müstəqilliyinə inamdır. İnvestor üçün təkcə kompensasiya deyil, mülkiyyət hüququnun sabitliyi və proqnozlaşdırıla bilən mühit daha önəmlidir.
Eyni zamanda, dəyişiklik düzgün tətbiq olunarsa, strateji sahələrdə qeyri-sağlam və ya spekulyativ investisiyaların qarşısını almağa, milli maraqlara uyğun uzunmüddətli layihələri təşviq etməyə xidmət edə bilər. Burada əsas məqam balansın qorunmasıdır: dövlətin təhlükəsizlik və suverenlik maraqları ilə investorların hüquqi təminatları arasında tarazlıq təmin edilməzsə, bu, investisiya axınının azalmasına səbəb ola bilər.
Nəticə etibarilə, dəyişiklik iqtisadiyyat üçün həm risk, həm də imkan yaradır. Onun real təsiri tətbiq mexanizmlərinin şəffaflığından, kompensasiyanın ədalətli və operativ ödənilməsindən və ümumilikdə ölkədə hüquqi mühitə olan inam səviyyəsindən asılı olacaq". 

Xatırladaq  ki,  dəyişikliyin mahiyyəti belədir. İndiyədək investisiyalar yalnız iki əsasla-dövlət ehtiyacları və rekvizisiya (təbii fəlakət, texnoloji qəza, epidemiya və digər fövqəladə hallar) zamanı alına bilərdi və hər iki halda investora qanunun 13.3 və 13.4-cü maddələrinə uyğun kompensasiya ödənilirdi.
Yeni dəyişiklik strateji əhəmiyyətli investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vurduğu və ya milli maraqlara zidd olduğu müstəsna hallarda da dövlət tərəfindən alınmasına imkan verir. Bu zaman da investorlara kompensasiya ödənilməsi nəzərdə tutulur.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31