Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "AzərEnerji" ASC tərəfindən Bakıda və regionlarda tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində ilk olaraq Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ağdaş rayonunda inşa edilən Batareya Enerji Saxlanc Sistemlərinin ərazisində ağacəkmə aksiyası keçirilib.
Qeyd olunub ki, hazırda Abşeron və Ağdaş rayonlarında ölkə tarixində ilk dəfə olaraq, ümumilikdə MDB məkanında ən iri Batareya Enerji Saxlanc Mərkəzləri tikilir və ağacəkmə aksiyasının məhz bu ərazidə keçirilməsi Xocalı qurbanlarının xatirəsinə ehtiramın ifadəsi kimi qiymətləndirilir.
Daha sonra qurumun mərkəzi inzibati binasında anım mərasimi təşkil edilib. Tədbirdə Xocalı faciəsindən ötən 34 ili əhatə edən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən "AzərEnerji" ASC-nin sədri Baba Rzayev Xocalı soyqırımının xalqımızın yaddaşına heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildirərək qeyd edib ki, 2023-cü il sentyabrında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalıda da düşməndən təmizləndi. Baba Razyevin sözlərinə görə bu gün Xocalı da daxil olmaqla bütün işğaldan azad olunan ərazilərdə Azərbaycan işığı yanır. "Özü də həmin işıq məhz azad edilən ərazilərdəki çayların üzərində yaradılan Su Elektrik Stansiyalarında istehsal edilən "yaşıl enerji" hesabına həyata keçirilir. Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına, Vətənlərinə geri qayıdırlar."
Tədbirdə çıxış edən digər natiqlər də Xocalı faciəsinin miqyasından, qüdrətlənən Azərbaycan Dövlətinin şəhidlərin qanını yerdə qoymamasından danışıblar.


