AYİB Gürcüstan üçün 2026-2027-ci illər ərzində dayanıqlı iqtisadi artım proqnozlaşdırır

Gürcüstanın real ümumi daxili məhsulu (ÜDM) 2026-cı ildə 5,5 faiz, 2027-ci ildə isə 5,0 faiz artacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatında bildirilir.

Bildirilir ki, 2025-ci ilin ilk üç rübü ərzində iqtisadiyyat illik ifadədə 7,7 faiz böyüyüb və tədricən yavaşlama əlamətləri nümayiş etdirib: artım tempi birinci rübdə 9,9 faizdən ikinci rübdə 7,4 faizə, üçüncü rübdə isə 6,4 faizə enib.

Bankın hesabatına əsasən, artım əsasən xidmət sektoru hesabına təmin olunub, burada informasiya-kommunikasiya texnologiyaları (İKT), təhsil, nəqliyyat və anbar təsərrüfatı sahələri mühüm töhfə verib.

"Daxili tələbat əməkhaqlarının artması və kreditləşmənin fəal genişlənməsi ilə dəstəklənib. Ümumi inflyasiya Mərkəzi Bankın 3 faiz səviyyəsində müəyyən etdiyi hədəfi aşaraq, 2025-ci ildə orta hesabla 4,0 faiz təşkil edib. Gürcüstan Milli Bankı inflyasiyanın hədəf səviyyəsinə qayıdacağını gözləyərək il ərzində əsas faiz dərəcəsini dəyişmədən 8,0 faiz səviyyəsində saxlayıb.

Dörd rüb üzrə sürüşən cəmin nəticələrinə əsasən, cari əməliyyatlar hesabının kəsiri bir il əvvəl ÜDM-in 5,2 faizindən 2025-ci ilin üçüncü rübündə ÜDM-in 3,5 faizinə qədər azalıb. Rəsmi valyuta ehtiyatları 2024-cü ilin oktyabrında qeydə alınan 4,1 milyard ABŞ dolları həcmində minimum səviyyədən 2025-ci ilin dekabrına qədər 6,2 milyard ABŞ dollarına yüksələrək təxminən dörd aylıq idxalın maliyyələşdirilməsini təmin edir", - deyə bank bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31