Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) nümayəndələri ilə görüşüb.
Olaylar bu barədə AMB-yə istinadən məlumat verir.
Qeyd olunur ki, görüş çərçivəsində maliyyə xidmətləri, bank əməliyyatları və ödəniş mexanizmləri ilə bağlı assosiasiyanın gündəliyində olan məsələlər müzakirə olunub.
"Görüşdə həmçinin sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinin əlçatanlığının və nağdsız ödəniş xidmətlərinin effektivliyinin artırılması istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verilib", -deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditlәri 53,6% (16,106 milyard manat) paya malik olub.
Bu bir ay əvvəlki göstərici ilə müqayisədə 301,5 milyon manat və ya 1,9%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3 milyard manat və yaxud 8,9% çoxdur.
Hesabat dövründə biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,550 milyard manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 78,3 milyon manat və ya 2,2%, ötən ilin eyni dövrünə nisbətən isə 252,9 milyon manat və ya 3% artım deməkdir.
Eyni zamanda bu ilin yanvarın 1-nə ölkədə orta sahibkarlıq subyektlərinə 2,289 milyard manat kredit verilib. Bu, bir ay əvvələ nisbətən 9,8 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 455 milyon manat və ya 24,8% çoxdur.
Həmçinin 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,707 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 64,9 milyon manat və ya 3,9%, illik müqayisədə isə 158,3 milyon manat və ya10,2% artım deməkdir.
Bundan başqa, bu ilin yanvarın 1-nə ölkədə mikro sahibkarlıq subyektlərinə 3,560 milyard manat biznes kreditləri verilib. Bu isə əvvəlki ayla müqayisədə 40,3 milyon manat və ya 1,1%, illik müqayisədə isə 452,8 milyon manat və yaxud da 14,6% çoxdur.
