Enerji təhlükəsizliyindən tranzit potensialına: Aİ ilə yenilənmiş sazişin gözlənilən təsirləri- ÖZƏL 

Brüssel yenilənmiş Aİ-Azərbaycan əməkdaşlıq sazişi üzrə danışıqları yekunlaşdırmağa hazır olduğunu bəyan edib. Qeyd olunub ki, sənəd üzərində işi başa çatdırmaq üçün tərəflər arasında siyasi iradə mövcuddur və danışıqların intensivləşdirilməsi planlaşdırılır.
Yenilənmiş sazişin enerji təhlükəsizliyi və qaz təchizatı, ticarət və investisiya mühiti, nəqliyyat dəhlizləri, hüquqi-institusional əməkdaşlıq, eləcə də regional sabitlik və təhlükəsizlik məsələlərini əhatə edəcəyi gözlənilir.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xüsusilə enerji sahəsində əməkdaşlıq son illər daha da genişlənib.
Yenilənmiş saziş Azərbaycan-Aİ münasibətlərində hansı real dəyişikliklərə səbəb ola bilər?Saziş regional nəqliyyat layihələrinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib: 
"Avropa İttifaqı ilə Azərbaycan arasında yenilənmiş əməkdaşlıq sazişi münasibətlərin hüquqi bazasını daha müasir və sistemli formaya sala bilər. Bu sənəd tərəflər arasında siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin daha şəffaf və proqnozlaşdırıla bilən mühitdə inkişafına imkan yarada bilər. Xüsusilə ticarət qaydalarının uyğunlaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması və institusional islahatlara dəstək kimi istiqamətlər real dəyişikliklərə səbəb ola bilər. Bu, Azərbaycan məhsullarının Avropa bazarına çıxış imkanlarını genişləndirə, eyni zamanda Avropa şirkətləri üçün ölkədə daha stabil investisiya şəraiti yarada bilər.
Regional nəqliyyat layihələri baxımından saziş Orta Dəhliz və digər tranzit marşrutlarının inkişafına əlavə siyasi və maliyyə dəstəyi verə bilər. Avropa ilə Asiyanı birləşdirən marşrutlarda Azərbaycanın rolu güclənə, logistika, liman və dəmir yolu infrastrukturuna investisiyalar arta bilər. Bu isə ölkənin tranzit potensialını yüksəldərək onu regionda əsas nəqliyyat qovşaqlarından birinə çevirə bilər. Eyni zamanda, nəqliyyat sahəsində texniki standartların uyğunlaşdırılması yükdaşımaların daha səmərəli və sürətli həyata keçirilməsinə şərait yarada bilər.
Enerji əməkdaşlığı sənəddə yüksək prioritet olaraq qalacaq. Xüsusilə qaz təchizatı və enerji təhlükəsizliyi məsələləri Avropa üçün strateji əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanın Avropaya qaz ixracı artıb və bu istiqamətdə əməkdaşlığın daha da genişlənməsi gözlənilir. Bərpa olunan enerji sahəsində əməkdaşlıq, yaşıl enerji ixracı və enerji infrastrukturunun modernləşdirilməsi də prioritet mövzulardan biri ola bilər. Bu, həm Azərbaycanın enerji ixracatçısı kimi rolunu möhkəmləndirə, həm də Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31