Enerji faktoru və diversifikasiya: Bakı ilə Belqrad arasında yeni iqtisadi mərhələ – ÖZƏL
14:53 İqtisadiyyat"Azərbaycan və Serbiya arasında əməkdaşlığın klassik ticarət münasibətlərindən çıxaraq strateji tərəfdaşlıq mərhələsinə keçməsinin bir çox səbəbləri var. Əgər bu əlaqələr sadəcə ənənəvi ticarət münasibətləri səviyyəsində qalsaydı, bir il ərzində ticarət dövriyyəsi on yeddi dəfə artmazdı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçı bildirib ki, on yeddi dəfə artım təxminən 1600 faizlik yüksəliş deməkdir. Məhz bunun məntiqi nəticəsidir ki, ölkələr arasında ticarət dövriyyəsi 2023-cü ildə 11 milyon dollar olduğu halda, 2024-cü ildə 17 dəfə artaraq 190 milyon dollara çatıb. Bu artımda enerji təhlükəsizliyi faktoru xüsusi rol oynayıb. Həm Azərbaycan enerji ixracının diversifikasiyası istiqamətində addımlar atıb, həm də Serbiya enerji mənbələrinin şaxələndirilməsi baxımından maraqlı tərəf kimi çıxış edib. Bununla yanaşı, Azərbaycanın regional və qlobal layihələrdə, xüsusilə layihə idarəçiliyi sahəsində qazandığı təcrübə Serbiya iqtisadiyyatı üçün cəlbedici olub. Azərbaycan şirkətlərinin bu istiqamətdəki təcrübəsi əməkdaşlığın dərinləşməsinə töhfə verib.
Ekspert qeyd edib ki, bu əməkdaşlığa təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də regional və qlobal müstəvidə baxmaq lazımdır. Mövcud on yeddi dəfəlik artım da məhz bu geniş çərçivənin nəticəsidir. Eyni zamanda iki ölkə arasında münasibətlər dövlət başçıları səviyyəsində də xüsusi xarakter daşıyır. Keçirilən görüşlərdə Serbiya rəhbərliyi Azərbaycan Prezidentinə yüksək qiymət verib və bu münasibətlərin adi diplomatik çərçivədən kənara çıxdığını nümayiş etdirib.
İqtisadçı əlavə edib ki, hər hansı siyasi münasibətlərin möhkəmlənməsi üçün iqtisadi əlaqələr həlledici əhəmiyyət daşıyır. Əgər iki ölkə və ya iki siyasi blok arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, bu əlaqələr iqtisadi bağlarla möhkəmləndirilməzsə, uzunmüddətli sabitlik təmin olunmur. İqtisadi maraqlar siyasi münasibətlərin davamlılığını şərtləndirən əsas faktorlardan biridir. Məhz bu baxımdan Şərqi Avropa regionu ilə, o cümlədən Serbiya ilə siyasi münasibətlərin yüksək səviyyədə saxlanılması üçün iqtisadi bağların gücləndirilməsi zəruridir. Aparılan müzakirələr də əsasən bu istiqamətlərə yönəlib: enerji əməkdaşlığı, investisiya mühitinin formalaşdırılması, müxtəlif sahələrə investisiyaların cəlbi, logistika və nəqliyyat imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı, sənaye və emal sektoru, eləcə də turizm və digər iqtisadi sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi.
"Birmənalı şəkildə demək olar ki, bu istiqamətlər üzrə inkişaf edən iqtisadi münasibətlər sonda siyasi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək və strateji tərəfdaşlığın dayanıqlı əsaslarını formalaşdıracaq", - deyə ekspert vurğulayıb.
Lamiyə Cəbrayılova