Enerji Təhlükəsizliyində yeni mərhələ: Azərbaycan və Serbiyanın strateji alyansı – ÖZƏL
16:19 İqtisadiyyat"Azərbaycan Prezidentinin son dövrlərdə kifayət qədər gərgin və eyni zamanda mühüm xarici səfərləri həyata keçirilir və bu proses hələ də davam edir. Fevralın 19-da Vaşinqtonda Amerika yəhudi təşkilatlarının nüfuzlu platformalarından biri olan Amerika Yəhudi Komitəsinin (AJC) tədbirinin keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl isə Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edib və daha sonra Serbiyaya səfər edib".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, ölkə başçısının yüksək səviyyədə qarşılanması, rəsmi mərasimlər və göstərilən diqqət Azərbaycana və onun Prezidenti İlham Əliyevə olan münasibətin bariz göstəricisidir. Bu, Azərbaycanın beynəlxalq arenada artan rolunun və nüfuzunun praktik ifadəsidir. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı enerji sanksiyaları tətbiq edildikdən sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində rolu daha da artıb. Azərbaycan artıq bir sıra Avropa ölkələrinə qaz ixrac edir və bu istiqamətdə əsas tərəfdaşlardan biri də Serbiyadır.
Ekspert bildirib ki, Serbiyaya səfər çərçivəsində mühüm görüşlər keçirilib və əhəmiyyətli sənədlər imzalanıb. Bu sənədlər arasında ən vacib istiqamətlərdən biri enerji təhlükəsizliyi məsələsidir. Xüsusilə Serbiyaya qaz tədarükünün artırılması və Azərbaycanın investisiyası ilə qaz infrastrukturunun - o cümlədən qaz anbarı və ya paylayıcı bazanın - qurulması perspektivi diqqət çəkir. Bu layihələr Azərbaycanın Serbiya vasitəsilə Balkan yarımadasında enerji təhlükəsizliyində daha mühüm rol oynamasına imkan yarada bilər. Azərbaycan Serbiya üzərindən Balkan ölkələrinin qaz təchizatının artırılmasına və regionun enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına töhfə verə bilər. Bu proses eyni zamanda Serbiyanın da regional əhəmiyyətini artırır. Azərbaycanla strateji əməkdaşlıq çərçivəsində Serbiyanın Balkanlar və ümumilikdə Avropa üçün rolu daha da güclənir.
"Əvvəllər Serbiyaya münasibət Avropa kontekstində o qədər də prioritet sayılmaya bilərdi. Lakin Azərbaycan qazının Serbiyaya çatdırılması və enerji əməkdaşlığının genişlənməsi fonunda bu ölkəyə olan maraq və ehtiyac arta bilər. Bu isə Balkanların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm amilə çevrilə bilər", - deyə siyasi şərhçi vurğulayıb.
Lamiyə Cəbrayılova