Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb

Son günlər "Yelobank" və "Birbank" müştəriləri arasında bank kartlarının bloklanması məsələsi gündəmə gəlib. Bildirilib ki, kartlarına göndərilən və ya çıxarılan vəsaitlərdə şübhəli hallar aşkarlanıb. Bəzi vəziyyətlərdə müştərilər hətta polisə yönləndirilir və bu, narahatlıq yaradır.

Bank kartlarının bloklanması müştərilər üçün hansı hüquqi və praktiki nəticələrə gətirib çıxara bilər?

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, bank kartlarının bloklanmasının əsas səbəbi iqtisadiyyatın şəffaflığını təmin etməkdir:

"Bir çox hallarda istər iaşə obyektlərində, istərsə də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, məsələn, əlavə repetitor kimi çalışan müəllimlər kart vasitəsilə gəlirlər əldə edirlər. Bu, bəzən vergidən yayınmaq məqsədilə edilə bilər və normal bir haldır. Sadəcə bunun üçün işlək nəzarət mexanizmi tələb olunur".

İqtisadçı bildirib ki, belə vəziyyət inkişaf mərhələsində olan ölkələrdə geniş yayılıb:

"İnkişaf etmiş ölkələrdə bu mexanizmlər artıq formalaşıb və vergilərin bəyannamə ilə şəffaf şəkildə qeydiyyatı təmin edilir. Nisbətən inkişaf etmiş ölkələrdə problem yoxdur. Azərbaycanda isə bu sistem yenidir, ona görə müəyyən çətinliklər ortaya çıxır. Zamanla bu, normal hala çevriləcək. Vergi qanunvericiliyində də müəyyən hallar tətbiq olunur və bunun nəticəsi olaraq sistemdə uyğunsuzluqlar müşahidə oluna bilər. Belə deyək, sanki əvvəl virus yaranır, sonra antivirus yaradılır. Bu, təbii bir prosesdir və zamanla düzələcək".

E.Qəribli polisə yönləndirmə hallarını da izah edib:

"Bəzən kartlar qadağan olunmuş sahələrlə məşğul olan şəxslərə aid olduqda polisə göndərilə bilər. Burada heç bir şübhəli element yoxdur, sadəcə ümumi nəzarət mexanizminin bir hissəsidir. Hesab edirəm ki, gələcəkdə bu mexanizmlər daha da işlək olacaq. Problemin kökü mexanizmin tam işləməməsindədir. Tutaq ki, bir şəxsin bir neçə layihədən gəliri var. Hər gəlir eyni kart vasitəsilə keçirsə, bu, sistem üçün şübhəli görünə bilər. Hazırda limitlər, məsələn, 10 min manatdan yuxarı əməliyyatlar üçün məhdudiyyətlər mövcuddur. Əgər mexanizm işlək olsa, hər hansı bir gəlirin mənbəyi göstərilə bilər və problem yaranmaz. ABŞ-da vahid bəyannamə sistemi var, gəlir tam şəffaf şəkildə qeyd olunur və yoxlanılır. Azərbaycanda sistem yenidir, ona görə bəzi çətinliklər yaranır, amma gələcəkdə bu problemlər aradan qalxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31