Gələcəkdə yeni strategiyalar və beynəlxalq əməkdaşlıq genişlənəcək - Şahmar Hacıyahyayev

Kibertəhlükəsizlik Mərkəzinin altıncı dalğası çərçivəsində 60 fundamental istiqamət üzrə 40 nəfər ixtisasartırma və fərdi təlim proqramlarını uğurla başa vuraraq əmək bazarına daxil olurlar.

Trend xəbər verir ki, bu fikirləri bu gün Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbiri çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, mərkəzin fəaliyyəti 2023-cü ili əhatə edən kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin inkişafı üzrə milli strategiyaya əsaslanır və son üç il ərzində əsas fokus insan kapitalının formalaşdırılması olub:

"Bu müddət ərzində əsas hədəflərimizdən biri təxminən 480-500 nəfərə yaxın kibertəhlükəsizlik mütəxəssisinin əmək bazarına çıxarılması idi və bu məqsədə nail olmuşuq".

İRİA rəsmisi qeyd edib ki, fəaliyyət yalnız kadr hazırlığı ilə məhdudlaşmayıb, eyni zamanda ölkədə dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu çərçivədə mütəxəssislərin yeni nəsil texnologiyalardan düzgün istifadə etməsi və yerli, milli kibertəhlükəsizlik məhsullarının yaradılması əsas prioritetlərdən olub.

O əlavə edib ki, mərkəz tərəfindən 200-ə yaxın qərarverici rəhbər şəxs üçün xüsusi maarifləndirici və analitik proqramlar həyata keçirilib. Bu proqramlar rəhbər şəxslərin texnologiyalara düzgün yanaşması və effektiv investisiya qərarları verməsi məqsədi daşıyıb.

Məhsul inkişafına da xüsusi diqqət yetirildiyini deyən Ş.Hacıyahyayev bildirib ki, artıq bir neçə yerli kibertəhlükəsizlik məhsulu hazırlanıb və onlardan 3-4-ü bazarda real nəticələr göstərir: "Bu gün fəxrlə deyə bilərəm ki, məzunlarımızın təxminən 86 faizi artıq əmək bazarında uğurla fəaliyyət göstərir. Biz bu üç ili son deyil, başlanğıc kimi qiymətləndiririk".

O vurğulayıb ki, növbəti illərdə yeni strategiyaların hazırlanması və tətbiqi istiqamətində həm yerli, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.

İRİA rəsmisi mərkəzin fəaliyyətinə dəstək göstərən xarici təşkilatlara, yerli tərəfdaşlara və ali təhsil müəssisələrinə təşəkkür edib və birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31