Özünün elektrik və su təminatını həll edən ölkələr öndə olacaqlar- ÖZƏL
10:44 İqtisadiyyatAraşdırmalarım zamanı qarşıma çıxan və yaşından asılı olmayaraq geniş oxucu kütləsi üçün maraq kəsb edən bir neçə məlumatı Sizinlə bölüşmək istədim. Son dövrlərdə Çernobıl atom elektrik stansiyasının partlama anlarını əks etdirən tarixi, real videolar mətbuata ötürüldü. Təsadüfdürmü? Xeyr. Səbəbləri nədir?
Beynəlxalq Enerji Agentliyi bildirir ki, süni intellekt əsaslı data mərkəzlərinin 2030-cu ildə enerji istehlakını 400% artıraraq 300 teravat/saata çatdıracağı gözlənilir. Müqayisə üçün qeyd edim ki, bu həcm Böyük Britaniyanın təxminən 1 il ərzində hazırda istifadə etdiyi enerji həcmidir. Bu artım təkcə süni intellektlə bağlı artımdır. Buraya elektromobillər, robotlaşma, süni intellektlə bağlı olmayan server və data mərkəzlərinin artımı, batareyalı avadanlıqların artan istehlakı ilə bağlı artması gözlənilən elektrik enerjisi istehlakını əhatə edən rəqəmlər aid deyildir. Deməli, növbəti dövr elektrik dövrüdür. Artıq indidən bir sıra ölkələrdə elektrik enerjisi çatışmazlıqları hiss edilir, yaşanır. Belə bir vəziyyətdə alternativ enerjinin artmaqda olan elektrik təlabatını ödəyə bilməyəcəyi ilə bağlı narahatlığın artması fonunda atom elektrik stansiyalarının daha çox tikilməsi ilə bağlı konsepsiyaları irəli sürülür. Bunu irəli sürənlər isə daha çox atom elektrik enerjisinə sahib olan ölkələrdir. Bu yolla onlar digər ölkələrdə birgə atom elektrik stansiyalarının tikilişini təşviq və təbliğ edirlər. Əsas hədəflər isə həmin ölkəni ən azı növbəti 60-70 il ərzində öz nüfuz dairəsində saxlmağa, özündən qismən asılı vəziyyətə salmaq, həm də milyardlarla dollar pulun öz büdcələrinə axmasını təmin etməkdir. Qlobal yaşıllar hərəkatı isə bəşəriyyətə Çernobıl və Fukusimo (Fukusimoda partlayışın olmaması Yapon texnologiyası və dəqiqliyi hesabına olmuşdu. Hər ölkədə belə deyil və partlamayacağının təminatı yoxdur) hadisələrini unutmamaq və növbəti ekoloji böhranlara yol açmamaq üçün Çernobıl və Fukusimo videoları daha çox təbliğ olunmağa başlayıb.
Artan elektrik istehlakı ilə yanaşı su məsələsi ilə də bağlı qayğılar artmağa başlayıb. Son çıxışlarımın birində demişdim ki, süni intellektlə 15-20 suallıq bir dialoq yarım stəkan suyun buxarlanması deməkdir. Son araşdırmalar da göstərir ki, süni intellektə verilən hər bir sual bir damcı suyun buxarlanması deməkdir. Burada damcının böyüklüyünə verilən sualın mürəkkəblik dərəcəsi və süni intellektin cavabının əhatəsi təsir edir. Səbəb isə, süni intellektin saniyələr ərzində böyük data mərkəzlərindəki serverlərdən eyni vaxtda məlumatlar alması və serverlərin qızmasıdır. Nəzərə alaq ki, gün ərzində hazırda süni intellektə bütün dünyada təxminən 1 milyard sual verilir. Bəs çıxış yollarını nədə görürlər? Bir neçə çıxış yolu təklif olunur. Birincisi, süni intellekt əsaslı data mərkəzlərinin suyun altında tikilməsi, ikincisi, Arktikada tikilməsi (Arktika getdikcə aktuallığını artırdığı üçün Rusiyanın Arktikadakı aktivliyinə son qoymaq əsas strateji xətlərdən birinə çevrilib. Kanada, Qrenlandiya məsələlərinin aktuallığı, son illərdə Skandinaviya ölkələrinin NATO-ya daxil olması məncə aydın olur) və üçüncüsü, daha böyük data mərkəzlərinin kosmosa köçürülməsi. Deməli, özünün elektrik və su təminatını həll edən ölkələr 1 addım öndə olacaqlar. Elektrik ixrac edən ölkələr isə 2-3 addım önə keçə biləcəklər.
Elman Sadıqov
İqtisadçı ekspert