Mərkəzi Bankda qiymətləndirmə ilə bağlı problemlər müzakirə olundu
18:20 İqtisadiyyat"Qiymətləndirmə sahəsi illərdir kənarda qalır. Mərkəzi Bankla bu məsələni açıq müzakirə etdik".
Olaylar xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri Asif İbrahimov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankda ölkənin aparıcı ekspertləri ilə keçirilən ənənəvi görüşdə bank və sığorta sektoru ilə yanaşı, qiymətləndirmə sahəsində mövcud olan ciddi problemlər də gündəmə gətirilib.
"Görüş zamanı bank və sığorta sektorunda tətbiq olunan yeniliklər, korporativ idarəetmə standartları, pul-kredit və fiskal siyasət, devalvasiya riskləri, eləcə də bank sektorunda rəqabətin artırılması məsələləri müzakirə olundu. Lakin əsas diqqət uzun müddətdir diqqətdən kənarda qalan qiymətləndirmə sektoruna yönəldi.
Mərkəzi Bank rəhbərliyinə birbaşa ünvanladığım suallarda vurğuladım ki, bank və sığorta sahəsində ardıcıl tənzimləmələr aparıldığı halda, qiymətləndirmə sektoruna eyni yanaşma sərgilənmir".
Asif İbrahimov bildirib ki, bu istiqamətdə aparılan müzakirələrin nəticələri növbəti görüşdə təqdim ediləcəyi vurğulanıb. "Hesab edirəm ki, bu yanaşma qiymətləndirmə sektorunun institusional inkişafı və bank sistemi ilə sağlam inteqrasiyası baxımından mühüm addım ola bilər" - deyə ekspert əlavə edib.