Neft hasilatında yeni mərhələ: Köhnə yataqlar və müasir çağırışlar – ÖZƏL

"Azərbaycan ötən əsrin sonlarında ölkə iqtisadiyyatının yenidən qurulması, dirçəldilməsi və sosial rifahın yüksəldilməsi məqsədilə böyük neft strategiyası hazırladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan bu strategiya sayəsində ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar cəlb olundu. Həmin investisiyalar təkcə neft-qaz sektorunun inkişafına deyil, eyni zamanda qeyri-neft sektorunun bu gün müşahidə olunan dinamik inkişafına da ciddi təkan verdi. Hətta demək olar ki, neft strategiyası sonrakı mərhələdə qaz strategiyasının formalaşmasına, onun uğurla icrasına, daha sonra isə alternativ enerji strategiyasının hazırlanmasına zəmin yaratdı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçının sözlərinə görə, bütün bu proseslər qeyri-neft sektorunun paralel inkişafı ilə müşayiət olundu. Başqa sözlə desək, neft sektoruna yatırılan investisiyalar yalnız bu sahə ilə məhdudlaşmadı, multiplikativ effekt yaradaraq ölkə iqtisadiyyatının bütün sahələrinə təsir göstərdi və qeyri-neft sektorunun inkişafında müstəsna rol oynadı. 

"Gələcək dövrdə neft sektoruna yatırılacaq investisiyalara gəldikdə isə, hesab edirəm ki, bu sahəyə bundan sonra da investisiya qoyuluşuna ehtiyac var. Çünki zaman keçdikcə neft quyularının verimi azalır. Ehtiyatların tədricən tükənməsi hasilat həcmlərinin aşağı düşməsinə səbəb olur. Hasilat səviyyəsini stabil saxlamaq üçün isə uzunmüddətli və davamlı investisiya qoyuluşu zəruridir. Bu, xüsusilə dərin qatlarda yerləşən ehtiyatların işlənməsi və hasil edilməsi baxımından vacibdir. Lakin bütün hallarda, indiyədək yatırılmış investisiyaların həcmi iki dəfə, hətta daha çox artırılsa belə, bundan sonra yüz milyard dollar əlavə investisiya qoyuluşu həyata keçirilsə belə, neft hasilatını 2010-cu ildəki səviyyəyə çatdırmaq praktik olaraq mümkün deyil. Çünki neft tükənən ehtiyatdır. İnvestisiyaların artırılması, hasilat üsullarının təkmilləşdirilməsi və innovativ texnologiyaların tətbiqi hesabına hasilat həcmini müəyyən qədər artırmaq mümkündür. Amma bu prosesi davamlı şəkildə eyni səviyyədə saxlamaq mümkün deyil", - deyə iqtisadçı ekspert əlavə edib.

Ekspert bildirib ki, bu vəziyyəti metaforik olaraq şampun və ya diş pastası nümunəsi ilə izah etmək olar: məhsulun ilk mərhələlərdə istifadəsi daha rahat olur, lakin tükəndikcə onun çıxarılması çətinləşir. Hansı metoddan istifadə olunmasından asılı olmayaraq, sonda həmin məhsul tamamilə bitir. Sadəcə olaraq, innovativ texnologiyaların tətbiqi və düzgün yanaşma ilə bu prosesi müəyyən müddət uzatmaq mümkündür. Çünki dərin laylarda hələ də neft ehtiyatları mövcuddur və yeni yataqların istismara verilməsi hasilat həcmini qismən artıra bilər. Bununla belə, Azəri-Çıraq-Günəşli kimi iri bir yatağın yenidən kəşf ediləcəyi və hasilatın əvvəlki pik səviyyəyə çatacağı real görünmür.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31