Gömrük və kirayə sahəsində müstəqil qiymətləndirmə təklif olunur
15:18 İqtisadiyyat"Qiymətləndirmə fəaliyyətinin bütün sahələrdə vahid qaydada tətbiqi bazarın şəffaflığı və vətəndaşların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Fərid Rüstəmov bildirib. O, qeyd edib ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müxtəlif istiqamətlər bu fəaliyyətin predmeti kimi tam şəkildə əhatə olunmalıdır.
"Hazırda bank sektorunda, bələdiyyə torpaqları üzrə əməliyyatlarda, həmçinin alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi zamanı notariuslar tərəfindən yönləndirilən qiymətləndirmələr artıq real təcrübəyə çevrilib. Bu addımlar qiymətləndirmə bazarının genişlənməsi və sağlam rəqabət mühitinin formalaşması istiqamətində son dövrlərdə əldə edilən mühüm nəticələr kimi qiymətləndirilir". Fərid Rüstəmov qeyd edib ki, dövlət başçısının dəstəyi ilə bu sahədə aparılan yeniliklər bazarın güclənməsinə müsbət təsir göstərir.
Sədr müavini kirayə bazarı ilə bağlı dəyişikliklərə də toxunub. Bildirilib ki, bu ildən kirayədən əldə olunan gəlirlər üzrə vergi yükünün 14 faizdən 10 faizə endirilməsi rəsmi qeydiyyat proseslərini sürətləndirir. "Bununla yanaşı, bəzi hallarda kirayə qiymətlərinin düzgün göstərilməməsi riski qalır. Bu səbəbdən kirayə haqlarının müstəqil qiymətləndirici şirkətlər tərəfindən müəyyən edilməsi təklif olunur. Belə mexanizm həm şəffaflığı artırar, həm də vergi yayınmalarının qarşısını alar".
Sədr müavini gömrük sahəsindəki mövcud təcrübəyə də münasibət bildirib. O qeyd edib ki, hazırda ölkəyə gətirilən malların qiymətləndirilməsi bir çox hallarda gömrük orqanları tərəfindən aparılır. "Halbuki qanuna əsasən, qiymətləndirmə fəaliyyəti xüsusi ixtisas və dövlət imtahanı tələb edən peşədir. Tərəfsizlik və obyektivlik prinsiplərinin qorunması üçün bu proses müstəqil qiymətləndiricilərə həvalə olunmalıdır.
Vətəndaşlar xaricdən avtomobil və ya texnika gətirərkən bəzən statistik göstəricilərə əsaslanan daha yüksək qiymətlərlə üzləşir və bu da narazılığa səbəb olur. Problemin həlli üçün gömrük xidmətinin ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətləri ilə əməkdaşlıq etməsi təklif edilir. Belə yanaşma real bazar dəyərinin müəyyənləşdirilməsinə və mübahisəli halların azalmasına şərait yarada bilər".
Fərid Rüstəmov sonda bildirib ki, qiymətləndirmə institutunun gücləndirilməsi iqtisadi münasibətlərdə ədalətli qiymət formalaşmasına, sahibkarların və vətəndaşların hüquqlarının qorunmasına xidmət edir və bu istiqamətdə müzakirələrin davam etdirilməsi vacibdir.