Azərbaycanda 2027-ci ilə qədər KOB ödənişlərinin rəqəmsallaşması sürətlənəcək

Azərbaycanda kiçik və orta biznes(KOB) ödənişlərinin rəqəmsallaşması 2027-ci ilədək əhəmiyyətli dərəcədə sürətlənəcək.

Bu barədə "Mastercard" tərəfindən Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış "Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası" adlı araşdırma sənədində deyilir.

" Azərbaycanda rəqəmsallaşma templəri 2017-ci ildən etibarən sürətlənərək, 2023-cü ilin sonuna olan məlumata əsasən, KOB-ların ödənişlərində təxminən 5-10 faizə, istehlakçı ödənişlərində isə 32 faizə çatıb. 2025-ci ilə qədər istehlakçı ödənişlərində rəqəmsallaşma payının 40 faizə yaxınlaşacağı gözlənilir. Mövcud rəqəmsallaşma təkanını və dünyada oxşar rəqəmsallaşma təcrübəsinə malik ölkələrin strategiyalarının tətbiqi nəzərə alınmaqla, 2027-ci ilin sonunadək istehlakçı ödənişlərində rəqəmsallaşmanın 65 faizə, KOB ödənişlərində isə 15-20 faizə çatdırılması potensialı mövcuddur",-deyə sənəddə qeyd olunur.

Sənəddə vurğulanır ki, həm istehlakçıların, həm də KOB-ların ödənişlərində rəqəmsallaşmanın hər hansı artımı qarşılıqlı gücləndirici əlaqə sayəsində digər kateqoriyanın da rəqəmsallaşmasını stimullaşdırır. Bu kontekstdə Azərbaycanda bütün maraqlı tərəflər - banklar, qlobal tərəfdaşlar, dövlət qurumları və fintex şirkətləri mühüm rol oynayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31