Qızıl və gümüşün kəskin enişinin  səbəbləri- ÖZƏL

30.01.2026-cı il tarixdə qızıl 11%, gümüş 35% düşərək dünya bazarlarında şok yaratdı. Hər kəs səbəbləri haqqında müxtəlif versiyalar söyləyir, təhlillər edirlər. Amma daha çox səbəblərə deyil, qiymətlərə, maliyyə bazarlarına fokuslanan analitiklərin diqqətindən əsas səbəbin qaçması məni təəccübləndirdi. Qiymətlərin enməsi diqqətləri  əsası köklü səbəb olan Kevin Warsh`dan yayındırdı. İndi isə qısaca əsas səbəbə keçək:

Prezident Tramp Kevin Warsh`ın FED Sədri vəzifəsinə namizədliyini irəli sürdü. Kevin Warsh`ın FED Sədri kimi atacağı addımlar haqqında dediklərini proqnozlaşdırmaq üçün son illərdəki müxtəlif çıxışlarını təhlil etdim. Deməli, Kevin Warsh Trampın istəklərinə uyğun olaraq faizləri aşağı salacaq. Lakin, bu dollar üçün çox kəskin eniş demək olar. Artıq ABŞ-nin iri investorları, maliyyə dairələri və dolların arxasındakı güclər dolların qısa müddətdə bu qədər enişinin (həm də valyutalara qarşı dollar indeksinin) sistem üçün təhlükəli ola biləcəyi mesajını son bir həftədə verdilər. Bu səbəbdən Kevin Warsh mesaj verdi ki, faizləri endirəcək, lakin paralel olaraq həm də FED-in balansını kəskin şəkildə azaldacaq. Öncəki çıxışlarında o FED-i həddən artıq çox dollar çapında günahlandırırdı. Bu mesaj bazarlarda şok effekti yaratdı. Niyə? Çünki, faizləri aşağı salmaq dolları zəiflətsə də, dolların dövriyyədən çəkilməsi dollar təklifini azaldacaq, tələbi isə artıracaq. Nəticədə dolların faizi ensə də, dəyəri kəskin düşməyəcək. Bu səbəbdən qızıl, gümüş və coin`lərin maliyyə bazarlarındakı qiymətləri kəskin endi. Maliyyə bazarları bazar ertəsini gözləyir. Qeyd edim ki, hər bir halda bu əməliyyatlar nəticəsində müəyyən dairələr milyardlarla dollarlar qazandılar. 

Suallar çoxdur. Niyə maliyyə bazarlarının özünə gəlmək üçün vaxta ehtiyacı var? Bəs niyə qızıl və gümüş çökmədi? Cavabım budur ki, Kevin Warsh həm də coin`lər tərəfdarı kimi tanınır. Yəni, Bitcoin başda olmaqla (o cümlədən Trampın coin`i) coin`lərin qiymətlərinin qalxması tərəfdarıdır. Bəs bu məsələ necə olacaq?

Faizlər enəcək, bazara dollar təklifi azalacaq, dollar dövriyyədən çəkiləcək, yəni FED-in balansı azalacaq, lakin, əvəzində off-şor şirkət və bank hesabları və dövriyyədən kənarda olan dollarlar dövriyyəyə cəlb ediləcəklər. Qeyd: Trampın hakimiyyətə gəlişindən indiyə qədər keçən 1 il bu sahədə atılan bir sıra addımları göstərir. Nəticə etibarilə, 2001-ci ildə bank sirrinin aradan qaldırılması ilə başlayan missiyanın ikinci mərhələsi, of-şorlarla bağlı addımlar atılacaq (bank sirrinin aradan qaldırılması birinci, of-şorların açılması ikinci mərhələdir fikirlərimi və səbəblərini açıqlayan bir neçə yazılarım olduğu üçün təkrara yol vermirəm). 

Bütün bunların maliyyə bazarlarında, ölkələrin iqtisadiyyatları və bank sistemlərində, maliyyə və əmtəə birjalarında nələrlə nəticələnəcəyi başqa bir dərin mövzudur. ABŞ bir daşla 3 quş vurmağı hədəfləyir. Tutsa (bir sıra ölkələr üçün bir fəlakət), tutmasa dünya maliyyə sistemi üçün başqa böyük fəlakət olar. Hər bir halda bir fəlakət qaçılmazdır. 

Önəmli qeyd: Maliyyə bazarlarında ciddi tərəddüdlər var. Fəlakət gözləntisi zatən qızılın qiymətinin kəskin enişinə mane olan amillərdəndir. Digər tərəfdən, Trump və Kevin Warsh qızıl və gümüşün, o cümlədən Bitcoin daxil coin`lərin qiymətlərinin çökməsində maraqlı deyil. 02-03 fevral tarixlərində maliyyə bazarlarındakı hərəkətlər hər şeyi aydınlaşdıracaq. Bu tarixlərdə baş verənlər növbəti mərhələlərin indikatoru olacaq. Əslində isə məsələ təxminən bəllidir...

P.S. Təxminən 10-12 gün öncə yazdığım "may ayında qlobal bazarlarda kəskin dəyişikliklər olacaq" fikrim əslində FED Sədri Jerome Powel`in səlahiyyət müddətinin başa çatması və yeni sədrlə əvəz olunması ilə bağlı idi. 30 yanvar tarixində (bazarlarda qızıl və gümüşün kəskin enişi günü) Trump FED Sədrliyinə öz namizədini elan etdi. Görünən odur ki, bu dəyişiklik çoox dəyişikliklərin müjdəçisi olacaq...

Elman Sadlqov 

İatisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31