Dünya Bankı Azərbaycanda 54 layihəyə təqribən 5,2 milyard dollar məbləğində vəsait ayırıb - Nazir
14:13 İqtisadiyyatYanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Görüş zamanı Azərbaycanla Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.
Nazir Sahil Babayev bildirib ki, Azərbaycanla Dünya Bankı arasında 30 ildən artıq davam edən tərəfdaşlıq çərçivəsində Bank tərəfindən ölkəmizə dəstək məqsədilə ümumilikdə 54 layihəyə təqribən 5,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb və bu əməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfələr verib.
Görüşdə Dünya Bankı ilə həyata keçirilən layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, "Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi" (AZURE) layihəsi çərçivəsində tikilən günəş və külək elektrik stansiyaları ölkənin enerji sisteminə inteqrasiya olunmaqla dayanıqlı enerji infrastrukturunun inkişafını təmin edir. Bununla yanaşı, "Məşğulluğa dəstək" layihəsi və onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir. Eyni zamanda, "Regional yollar və inkişaf" layihəsi regionlararası nəqliyyat bağlantılarını gücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkan yaradır.
Öz növbəsində, Çarlz Kormyer təmsil etdiyi qurumun Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verdiyini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanla infrastruktur, yaşıl enerji, şəhərsalma və logistika sahələrində əməkdaşlığın genişləndirilməsində böyük potensial var və bu sahələrdə həyata keçiriləcək təşəbbüslər ölkədə dayanıqlı inkişafın təmin olunmasına və iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq.
Görüş zamanı həmçinin, Dünya Bankının kredit vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi", "Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri" və "Yaşanılabilən Bakı" layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunan layihələrin reallaşdırılmasına zəmin yaradacaq institusional, texniki və maliyyə xarakterli tədbirlər, eləcə də tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.