Ermənistan-Azərbaycan qaz xətti: iqtisadi qazanc və siyasi risklər -ÖZƏL 

Ermənistanın maliyyə naziri Vahe Ovanisyanın ölkəsinin Azərbaycandan qaz alacağını açıqlaması sovet dövründə Cənubi Qafqazda mövcud olmuş qaz xətlərinin bərpası məsələsini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:  "Ermənistanın Azərbaycandan qaz alması region üçün bir neçə üstünlük gətirə bilər. Azərbaycanın qazı yaxınlıq səbəbindən nisbətən ucuz və sabit qiymətə təklif oluna bilər ki, bu da Ermənistanın enerji idxalını diversifikasiya etməsinə və digər mənbələrə asılılığını azaltmasına imkan yaradır. Eyni zamanda, enerji təchizatının bir neçə mənbədən gəlməsi risklərin bölünməsinə xidmət edir və regionda iqtisadi əməkdaşlıq üçün imkan yaradır.
Bununla yanaşı, risklər də var. Qarabağ münaqişəsi və sərhəd məsələləri həll olunmadan enerji ticarəti bəzən gərginlik mənbəyi ola bilər. Sovet dövründən qalan xətlər köhnə olduğundan texniki qəza və sızıntı riskləri yüksəkdir. Xətlərin modernləşdirilməsi isə böyük sərmayə tələb edir və uzunmüddətli texniki dayanıqlılıq üçün vacibdir.
Sovet dövründən qalan xətlərin bərpası qısa müddətdə ucuz və sürətli enerji təchizatı imkanı yaradır, amma uzunmüddətli perspektivdə modernizasiya və təhlükəsizlik tədbirləri olmadan davamlılıq zəif ola bilər. Qısaca desək, qaz alışı iqtisadi baxımdan faydalıdır, amma texniki və siyasi risklər diqqətə alınmalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31