İranın Bakıdakı bankı niyə batır?

İran Milli Bankının Bakı filialının ("Bank Melli İran") vergi borcu yaranıb.

Məlumatı iqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən əldə edib.

Məlumata görə, bankın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 59 318,26 manat vergi borcu mövcuddur. Borcun yaranma səbəbləri isə məlum deyil.

Qeyd edək ki, İran Milli Bankının Bakı filialı 2025-ci ili 4,412 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə müqayisədə 42,8 faiz azdır. Ötən il İran bankının gəlirləri 5,935 milyon manat (əvvəlki ilə nisbətən 18 faiz çox), xərcləri 2,077 milyon manat (12,3 faiz az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,478 milyon manat (77,7 faiz az), mənfəət vergisi ödəmələri isə 924 min manat (41,1 faiz az) təşkil edib.

Bu il yanvarın 1-nə İran bankının aktivləri 120,291 milyon manat olub ki, bu da illik müqayisədə 1 faiz çoxdur. Bunun 2,309 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 54,3 faiz böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 4,6 faiz azalaraq 66,938 milyon manat, o cümlədən depozit portfeli 4,2 faiz artaraq 37,101 milyon manat, balans kapitalı isə 9 faiz artaraq 53,353 milyon manat olub.

Qeyd edək ki, "Bank Melli İran" İranın aparıcı kommersiya bankıdır və baş ofisi Tehranda yerləşir. Bank 1928-ci ildə Rza şahın yeni hakimiyyəti dövründə yaradılıb və 1960-cı ilə qədər ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərib. Həmin il İran Mərkəzi Bankı yaradılıb və "Bank Melli İran" yalnız kommersiya bankı kimi yenidən təşkil olunub.

İran Milli Bankının 1993-cü ildə fəaliyyətə başlayan Bakı filialı Azərbaycanda açılan ilk xarici bankdır. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
2023-cü ildə Azərbaycan Mərkəzi Bankının başladığı yoxlamalardan sonra filialda valyuta əməliyyatları istisna olmaqla, digər xidmətlər məhdudlaşdırılmışdı. Bank fəaliyyətini bir də 2025-ci ilin aprelində bərpa edib. Həmin vaxtdan kredit verilişinə və depozitlərin qəbuluna başlanılıb.

"Mehr" agentliyinin məlumatına görə, İran Milli Bankının Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına əsasən yenidən fəaliyyətə başlayıb.

İnternet saytında yerləşdirilən məlumata görə, İran Milli Bankının Bakı filialının yaradılmasının əsas məqsədi İran-Azərbaycan arasında maliyyə əlaqələrini genişləndirmək, ticarəti asanlaşdırmaq və iki ölkə arasında bank xidmətlərini təmin etməkdir: ""Bank Melli İran" bütün dünyada geniş filial şəbəkəsinə malik olan bank olmaqla, onun Direktorlar Şurası Azərbaycan Respublikasının iqtisadiyyatının inkişaf meyllərini nəzərə alaraq iqtisadi münasibətləri daha da genişləndirmək, artan xətt üzrə Azərbaycan-İran və İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iqtisadi subyektlərinə daha geniş və operativ maliyyə-kredit xidmətləri göstərmək üçün 1993-cü ildən Bakı şəhərində yerləşən Bakı filialını formalaşdırmışdır".

Onu da bildirək ki, 2023-cü ildə bankın fəaliyyətinə məhdudiyyətlər qoyulması İranın Bakıdakı səfirliyinə məxsus avtomobillərlə külli miqdarda valyuta vəsaitlərinin İrandan gizli şəkildə Azərbaycana çatdırılması faktları aşkarlandıqdan sonra baş vermişdi. Məhdudiyyətlər onsuz da bazar payı cüzi olan bankın imkanlarını daha da azaldıb.

"Bank Melli İran"ın ana bankı İranın bütün maliyyə-bank sektoru kimi bilavasitə ABŞ sanksiyalarına məruz qaldığına görə hazırda Azərbaycanla İran arasında banklar vasitəsilə hər hansı maliyyə əməliyyatı aparılmır. Bununla belə, onun digər ölkələrdəki filialları vasitəsilə Azərbaycanla İran arasındakı ticarət əməliyyatlarına dolayı yolla dəstək verdiyi ehtimal olunur.

İranla ticarət münasibətlərində olan sahibkarların verdiyi məlumata görə, az sayda şirkət qonşu ölkədən aldıqları məhsulların dəyərini "Bank Melli İran"ın Yaxın Şərq ölkələrindəki filialları vasitəsilə ödəyir. Böyük əksəriyyət isə nağd ödənişlərə üstünlük verir.

Yeri gəlmişkən, Azərbaycanın İrandan idxalı sürətlə artır. 2024-cü ildə İranla Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi 647,1 milyon dollara çatıb. Bu, 2023-cü ilə nisbətən 159,7 milyon dollar və ya 32,8 faiz çoxdur. Ötən il Azərbaycan İrana cəmi 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İrandan məhsul idxalı isə illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8 faiz artaraq 633 milyon dollara çatıb.

2025-ci ildə Azərbaycanla İran arasında ticarətin həcmi 644 milyon 97,13 min dollar təşkil edib: bunun 624 milyon 71,61 min dolları İrandan Azərbaycana idxalın, 20 milyon 25,52 min dolları isə əksinə ixracın payına düşüb. Bu, 2024-cü illə müqayisədə cüzi azalma deməkdir.

Ticarətdəki azalmanın əsas səbəbi may-iyun aylarında İran-İsrail, İran-ABŞ toqquşmalarıdır. Gömrük statistikasından aydın olur ki, may ayına qədər ticarət həcmləri artıb, maydan sonra müəyyən azalma olub, avqustdan etibarən isə yenidən artım sürətlənib.

İranın Azərbaycana ixracında əsas yeri ərzaq və əhalinin gündəlik istifadəsində mühüm yer tutan mallar tutur. Bir sıra mühüm ərzaq məhsullarının idxalında İranın payı 60-70 faizə, bəzən isə 90-100 faizə çatır.

Bir məsələni də qeyd edək ki, İranla münasibətlərin ən kəskin dövrlərində belə Azərbaycan hakimiyyəti "Bank Melli İran"ın Bakı filialının fəaliyyətini tam dayandırmayıb. Bu isə bir sıra müzakirələrə səbəb olur. Bir çoxları İranın Azərbaycana qarşı bəzi hallarda açıq düşmənçilik həddinə çatan münasibəti fonunda bu ölkə bankının Azərbaycanda fəaliyyətinə icazə verilməsini doğru hesab etmirlər.

Lakin mütəxəssislərə görə, Azərbaycanın bank sektorunda çox cüzi paya malik olan bu bankın fəaliyyəti ölkənin maliyyə sistemi üçün hər hansı təhlükə yarada bilməz. Bu baxımdan, onun fəaliyyətinin dayandırılması iqtisadi baxımdan fayda verməməklə yanaşı, cənub qonşu ilə siyasi münasibətlərin kəskinləşməsinə səbəb ola bilər.
Onu da qeyd edək ki, Azərbaycanda Rusiyanın dövlət paylı VTB Bankının da filialı fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31