İnfrastruktur layihələr dayanıqlı iqtisadi inkişafı təmin edir
15:40 İqtisadiyyatAzərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları ölkənin dayanaqlı inkişafını təmin etməklə yanaşı, insanların da sosial rifahına müsbət təsir göstərir. Regionların, eləcə də Bakıətrafı rayonların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən quruculuq və bərpa işləri buna əyani sübutdur. Hazırda eyni proses işğaldan azad edilmiş ərazilərimizdə davam etdirilməkdədir. Lakin, bütövlükdə ölkə üzrə aparılan tikinti-quruculuq və bərpa işləri nə qədər geniş vesət alsa da ən müxtəlif səbəblərdən mövcud çatışmazlıqları köklü şəkildə həll etmək mümkün olmayıb. Xüsusən, Bakı və ətraf rayonlarda həllini gözləyən bir sıra problemlar hələ də qalmaqdadır. Paytaxtın tıxac problemi, şəhərətrafı rayon və qəsəbələrin içməli su ilə təminatı kimi məsələlər bu qəbildəndir. Bunun isə bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Məlum olduğu kimi Bakı şəhərində və Abşeron yarımadasında bugünkü sosial-iqtisadi inkişaf və demoqrafik artımla əlaqədar olaraq ciddi urbanizasiya prosesi getməkdədir. Xatırladaq ki, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərdə hazırlanıb. Və o illərdən bəri sözügedən ərazilərdə yaşayış məntəqələrinin sayı 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatbı, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, birmənalı şəkildə qeyd edilməlidir ki, onların istismar müddəti artıq çoxdan başa çatıb. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı kanalizasiya kollektoruna çevrilib. Bu səbədən əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranır. Sadalanan problemlərin həlli isə konpleks tədbirlər planı və kifayət qədər vəsait tələb edir.
Elə Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə də həmin problemlərin həlli məqsədi daşıyırdı. Müşavirədə qeyd edildi ki, ötən iyirmi il ərzində həyata keçirilən regional inkişaf proqramları çərçivəsində ölkə üzrə əsas infrastruktur məsələlər həllini tapıb. Belə ki, elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib, hazırda bu proses yeni mərhələyə qədəm qoyaraq "yaşıl enerji" siyasəti çərçivəsində davam etdirilir. Ölkədə qazlaşma prosesi sürətlə aparılır, əhalinin təbii qazla təminatı 96 faizə çatıb. Üstəlik qaz idxalı atrılıb ki, nəticədə dünyanın 12 ölkəsi Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edir. Eləcə də avtomobil yollarının inşası geniş vüsət alıb, müasir beynəlxalq standartlara cavab verən kənd, şəhərlərarası yollar istismara verilib. Onu da qeyd edək ki, ötürücü xətlər, yollar, körpülər və tunellərin tikintisi kifayət qədər böyük həcmdə vəsait tətləb edir. Əhalinin içməli su ilə təminatı da daim diqqət mərkəzində olub. Bu məqsədlə "Taxtakörpü", "Şəmkirçay" su anbarları tikilib, "Ceyranbatan" su anbarı tamamilə yenidən qurulub, İşğaldan azad edilmiş Füzuli rayonunda "Köndələnçay", Ağdam rayonunda "Xaçınçay" su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş "Zabuxçay" su anbarı bu gün artıq istismardadır. Hazırda isə Bakı və Abşeron yarımadasının içməli su probleminin həllini gözləyir.
Məhz bu məqsədlə "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı" hazırlanıb. Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Dövlət başçısı bildirib ki, bu proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir: "Biz bu proqramı daxili vəsait hesabına da icra edə bilərdik. Ancaq ölkə qarşısında duran bir çox məsələlər var. Həm Qarabağın, Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və həm də digər layihələr, sosial layihələr. Ona görə qeyd etdiyim kimi, biz iki mənbədən istifadə edəcəyik. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq".
Dövlət proqramın əhatə dairəsi, görüləcək işlərin miqyası deməyə əsas verir ki, nəticə etibarilə Bakı və ətraf rayonların xeyli sayda problemləri həllini tapmış olacaq: "Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq".
Dövlət proqramının əhatəliyi, coxşaxəli və genişliyi həm də icraçıların məsuliyyət məsləsəni birə-beş artırmış olur. Dövlət başçısı proqramın elementlərini, icra müddətini və maliyyə mənbələrini elan etdi. İndi qalır iş icraçıların proqramın icrasına vicdanla və məsuliyyətlə yanaşmalarına. Yalnız bu halda vətəndaşlar yüksək keyfiyyətli içməli su ilə təmin oluna bilərlər: "Poqram 2035-ci ilə qədər nəzərdə tutulur. Biz hesab edirdik ki, bunu daha da tez bir zamanda etmək mümkündür. Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır".
Alim Hüseynli