64 yaşayış məntəqəsinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq- ÖZƏL

"Azad edilmiş ərazilərdə sürətlə aparılan bərpa işləri su infrastrukturunda da özünü göstərir. Füzuli, Ağdam və Laçın rayonlarında yenidən qurulan "Köndələnçay", "Xaçınçay" və "Zabuxçay" su anbarları həm kənd təsərrüfatı, həm də əhalinin tələbatı üçün yeni və tükənməz imkanlar açır. Gələcəkdə "Həkəriçay" və "Bərgüşadçay" kimi iki böyük su anbarının tikintisi isə bu imkanları daha da genişləndirərək bütün Qarabağ və Şərqi Zəngəzurun su arteriyasına çevriləcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Bakı və Abşeron üzrə 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan tədbirlər sayəsində Bakı və Sumqayıtla yanaşı, Abşeron rayonunun və daha 64 yaşayış məntəqəsinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanalın və paylayıcı şəbəkələrin tikintisi və yenidən qurulması imkan verəcək ki, bu gün 40-45 faiz səviyyəsində olan itkilərin həcmi kəskin şəkildə azalsın. Dövlət Proqramının icrası nəticəsində tullantı sularının idarə olunması və kanalizasiya xidmətinin yaxşılaşdırılması da təmin ediləcək. Xəzərin suyunun xarici investisiya hesabına duzsuzlaşdırılması layihəsi isə tələbatın təmin olunması üçün böyük imkanlar yaradacaq və eyni zamanda, Oğuz-Qəbələ-Bakı su kəmərinin daha az itki ilə istismarına imkan verəcək.

Regional inkişaf proqramları və 12 yanvar 2026-cı il müşavirəsində müəyyən edilən hədəflər Azərbaycanın güclü iqtisadi gələcəyinin təminatıdır. Bu siyasət paytaxtla regionların vəhdətini yaradır, ölkəmizi regional logistik və sənaye liderinə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar göstərir ki, dövlət siyasəti gələcək çağırışların qabaqlanmasına yönəlib. Su təhlükəsizliyi, enerji müstəqilliyi və regional inkişafın vəhdəti Azərbaycanın müstəqilliyini sarsılmaz edir. Bu gün qurulan su anbarları, çəkilən magistral kəmərlər və azaldılan itkilər sabahın firavan və dayanıqlı Azərbaycanının təməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31