Azərbaycanın beynəlxalq enerji bazarında nüfuzunun daha da artırır- ÖZƏL
11:16 İqtisadiyyat"8 yanvar 2026-cı ildə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu və Prezidenti İlham Əliyevin bu məraimdə iştirakı ölkəmizin enerji siyasəti tarixində mühüm hadisə kimi yadda qalan günlərdən biri oldu. Dövlət başçısının mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn fikirlər idi. Prezident İlham Əliyevin "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər həm də göstərir ki, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil, eyni zamanda siyasi, ekoloji və geosiyasi məzmun daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: ""Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payının artırılmasına, ənənəvi enerji resurslarından asılılığın azaldılmasına mühüm töhfə verir.
Bu Layihənin təməli 2022-ci ildə qoyulub və bu layihə qısa müddətdə yüksək keyfiyyətlə icra olunub. Bu da ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin, siyasi sabitliyin və peşəkar idarəetmənin bariz nümunəsidir. "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Səudiyyə Ərəbistanının aparıcı enerji şirkəti olan ACWA Power tərəfindən inşa edilib və bu fakt Azərbaycanın beynəlxalq investisiya mühitinə olan yüksək etimadın bariz göstəricisidir.
"ACWA Power" kimi dünya miqyasında tanınan şirkətin Azərbaycanda ilk bərpaolunan enerji layihəsini məhz bu stansiya ilə reallaşdırması, eyni zamanda gələcəkdə daha iri layihələr planlaşdırması Prezident İlham Əliyevin yürütdüyü etibarlı tərəfdaşlıq siyasətinin nəticəsidir.
Yeni stansiyanın istifadəyə verilməsi təkcə enerji istehsalının həcminin artması anlamına gəlmir, eyni zamanda Azərbaycanın müasir çağırışlara uyğun, ekoloji cəhətdən məsuliyyətli inkişaf modelini seçdiyini nümayiş etdirir. Bu layihə ölkəmizin zəngin külək potensialından səmərəli istifadənin real nümunəsi olmaqla yanaşı, enerji balansında təmiz və dayanıqlı mənbələrin payının artırılmasına xidmət edir. Bu layihənin sosial üstünlükləri də var. Layihəni işə düşməsi ilə yeni iş yerlərinin açılması, həm yeni istehsal və xidmət sahələrinin yaradılmasına öz töhfəsini vermiş olacaq. Bu həm də xarici investorlarla işin təşkili təcrübəsi deməkdir. Bundan əlavə reallaşan bu layihə yerli ixtisaslı kadr potensialının formalaşmasına da kömək olacaq.
Prezident çıxışında Azərbaycanın külək və günəş enerjisi potensialının böyük olduğunu, xüsusilə Xəzər dənizi hövzəsinin bu baxımdan geniş imkanlara malik olduğunu diqqətə çatdırdı. O, gələcəkdə azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində yeni bərpa olunan enerji layihələrinin həyata keçiriləcəyini bildirdi.
Stansiyanın fəaliyyəti regionların sosial-iqtisadi inkişafına, innovativ texnologiyaların tətbiqinə və yeni imkanların yaranmasına da şərait yaradır. Bu baxımdan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın gələcəyə hesablanmış enerji siyasətinin mühüm tərkib hissəsi və yaşıl inkişaf kursunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Bu əməkdaşlıq birgə sərmayələrin genişlənməsinə, Azərbaycanın beynəlxalq enerji bazarında nüfuzunun daha da artmasına zəmin yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə sadəcə enerji layihəsi deyil, iki dost ölkə arasında qarşılıqlı inam və strateji tərəfdaşlığın simvoludur".