Qarabağın bərpası və qeyri-neft sektorunun inkişafı: Yeni iqtisadi dövr- ÖZƏL
8 Yanvar 16:06 İqtisadiyyatPrezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə Azərbaycanın son illərdə qazandığı iqtisadi və siyasi nailiyyətləri, eləcə də strateji inkişaf xəttini bir daha ön plana çıxardı. Ermənistanla paraflanmış sülh sazişi regional sabitliyi möhkəmləndirməklə yanaşı, ölkənin investisiya cəlbediciliyini artırır və xüsusilə Qeyri-neft sektorunun inkişafı, enerji, IT və süni intellekt sahələrinə yönəlmiş hədəflər isə ölkənin uzunmüddətli dayanıqlı inkişafının əsas dayaqları kimi çıxış edir.
Ermənistanla sülh sazişinin imzalanması Azərbaycanın investisiya mühitinə real olaraq hansı iqtisadi üstünlükləri gətirə bilər və bu prosesdən ən çox hansı sektorlar faydalanacaq? Qeyri-neft sektoruna, xüsusilə enerji və süni intellekt sahələrinə qoyulan strateji hədəflər Azərbaycanın iqtisadi modelini növbəti 10 ildə necə dəyişə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
"Ermənistanla sülh sazişinin imzalanması ilk növbədə risklərin azalması və proqnozlaşdırıla bilən biznes mühitinin formalaşması deməkdir. Regional sabitlik xarici investorlar üçün əsas şərtlərdən biridir və uzunmüddətli münaqişə faktorunun aradan qalxması kapital axınını sürətləndirə bilər. Nəqliyyat və logistika dəhlizlərinin tam açılması Azərbaycanı regionun əsas tranzit mərkəzinə çevirərək ticarət dövriyyəsini genişləndirəcək, istehsal və ixrac imkanlarını artıracaq. Xüsusilə nəqliyyat-logistika, tikinti, kənd təsərrüfatı, turizm və sənaye parkları bu prosesdən daha çox faydalanacaq. Qarabağ və Şərqi Zəngəzurun bərpası isə həm dövlət, həm də özəl investisiyalar üçün yeni bazar yaradaraq daxili iqtisadi fəallığı gücləndirəcək.
Qeyri-neft sektoruna, xüsusilə enerji və süni intellekt sahələrinə yönəlmiş strateji hədəflər Azərbaycanın iqtisadi modelini xammal əsaslı strukturdan bilik və texnologiya əsaslı modelə doğru dəyişdirə bilər. Bərpaolunan enerji layihələri ölkənin enerji ixracında yeni istiqamətlər açacaq, daxili istehsalda isə daha ucuz və dayanıqlı enerji mənbələri yaradacaq. Süni intellekt və IT sahələrinə yatırımlar dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, yüksək ixtisaslı kadrların formalaşmasına, innovativ startap ekosisteminin yaranmasına və məhsuldarlığın yüksəlməsinə şərait yaradacaq. Növbəti 10 ildə bu yanaşma iqtisadi artımın daha stabil olmasına, məşğulluğun keyfiyyətcə dəyişməsinə və Azərbaycanın regional deyil, qlobal dəyər zəncirlərində mövqeyinin möhkəmlənməsinə gətirib çıxara bilər".
Zeynəb Mustafazadə