Monteneqro Azərbaycan təbii qazının idxalına böyük maraq göstərir - Ervin İbrahimoviç
5 Yanvar 11:35 İqtisadiyyatMonteneqro Azərbaycan təbii qazının idxalına açıq maraq göstərir və bunu enerji təhlükəsizliyinin gücləndirilməsi və təchizat mənbələrinin şaxələndirilməsi üzrə daha geniş strategiyanın bir hissəsi kimi qiymətləndirir.
Bunu Monteneqro hökumətinin sədr müavini və xarici işlər naziri Ervin İbrahimoviç Bakı səfərinin yekunlarına dair verdiyi özəl müsahibədə bildirib.
Biz enerjini inkişaf üçün əsas potensial sahələrdən biri kimi görürük və əməkdaşlığı dərinləşdirməyə, xüsusilə qaz və bərpa olunan enerji sahəsində bilik və təcrübə mübadiləsi aparmağa hazırıq", - deyə İbrahimoviç bildirib.
O xatırladıb ki, Bakı səfəri çərçivəsində enerji sahəsində əməkdaşlığın gələcək addımları müzakirə olunub, o cümlədən müxtəlif qarşılıqlı fəaliyyət formalarını nəzərdən keçirmək və Azərbaycanın Monteneqraya qaz tədarükü ilə bağlı potensial imkanları araşdırmaq məqsədilə sektorlararası görüş təşkil etmək imkanı da müzakirə edilib.
"Bu məsələlər iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın gələcək iclasında əlavə müzakirə olunacaq. Bu kontekstdə Ioni-Adriatik qaz kəmərinin (IAP) əhəmiyyətini xüsusilə vurğulamaq vacibdir. Monteneqronun 2030-cu ilədək Enerji İnkişafı Strategiyasında (IAP) ölkənin hazırkı mərhələdə qazlaşdırılması üçün ən real variant hesab olunur.
IAP layihəsi Cənub Qaz Dəhlizinin son seqmenti kimi nəzərdə tutulub; bu kəmər vasitəsilə qaz "Şahdəniz" yatağından Trans-Adriatik Boru Kəməri vasitəsilə region ölkələrinə, o cümlədən Monteneqroya çatdırıla bilər. Layihə Avropa İttifaqı və Avroatlantik tərəfdaşlar tərəfindən güclü dəstək alır, ümumi maraq layihəsi kimi tanınır və Aİ-nin Birgə İnfrastruktur layihələri siyahısına daxil edilib. Bu da onu həm siyasi, həm də strateji prioritet edir. Hazırda Monteneqroda qaz infrastrukturu mövcud olmadığından, bu layihənin həyata keçirilməsi əhəmiyyətli xarici investisiya imkanları aça bilər, təbii qazın sabit tədarükünü təmin edə, eyni zamanda ətraf mühitin çirklənmə səviyyəsinin azalmasına və regional əlaqəliliyin güclənməsinə xidmət edə bilər", - deyə hökumət sədrinin müavini bildirib.