Qazaxıstanda Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı layihənin hansı tarixdə işə salınacağı açıqlanıb

Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini nəzərdə tutan "Transxəzər FORX" (Transxəzər Fiber-Optik Rabitə Xətti) layihəsinin icrasına 2026-cı ilin üçüncü rübündə başlanması planlaşdırılır.

Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın Baş nazirinin müavini - İnformasiya Texnologiyaları və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyev məlumat verib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi siqnal gecikməsini əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da ölkələr arasında internet tranzitinin yaxşılaşmasına imkan verəcək. Madiyev həmçinin qeyd edib ki, artıq bu gün xarici dövlətlərdən internet trafikin ötürülməsi məqsədilə xəttə qoşulmaq üçün müraciətlər daxil olur.

Xatırladaq ki, 2023-cü ildə "AzerTelecom" və "Kazaxtelekom" şirkətləri Xəzərin dibindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Trans-Xəzər optik lifli rabitə xəttinin inşası və istismarı üçün birgə müəssisə yaratmaq barədə saziş imzalayıblar.

Bu xətt gələcəkdə Avropa və Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin bir hissəsi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31