Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq enerji sahəsində həyata keçirilən iri miqyaslı layihələr vasitəsilə daha da möhkəmlənir - Əli Əsədov
10:55 İqtisadiyyatAzərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq enerji sahəsində həyata keçirilən iri miqyaslı layihələr vasitəsilə daha da möhkəmlənir.
Olaylar.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Baş nazir vurğulayıb ki, bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir:
"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi strateji layihələr Azərbaycan enerji resurslarının Avropa bazarlarına etibarlı və dayanıqlı şəkildə çıxarılmasını təmin etmişdir.
Bir neçə gün sonra dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu halqasını təşkil edən TAP boru kəməri vasitəsilə Avropaya kommersiya məqsədilə qaz nəqlinə başlanılmasının beş ili tamam olur.
Beş il ərzində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, bunlardan 10-u Avropa ölkəsidir".
"Birgə səylərimizlə avqustda Suriyaya qaz nəqlinə başladıq. İlk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərq regionuna nəql olunur", - Baş nazir əlavə edib.